MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİNİN BEYNƏLXALQ MÖVQELƏRİNİN GÜCLƏNMƏSİNƏ  AZƏRBAYCAN DAHA BÖYÜK TÖHFƏLƏR VERİR

Son illərdə beynəlxalq siyasətdə və geoiqtisadi əlaqələrdə Mərkəzi Asiya regionunun əhəmiyyəti xeyli artıb. Elə bundan irəli gəlir ki, Qərb ölkələri, xüsusilə Avropa İttifaqı və ABŞ sözügedən  regionla enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığı dərinləşdirməyə indi xüsusi diqqət edirlər. Bu kontekstdə Azərbaycan coğrafi mövqeyi, sabitliyi, malik olduğu infrastrukturu ilə Qərb-Mərkəzi Asiya əlaqələrinin inkişafında mühüm tranzit və geosiyasi rol oynayır.

Xəzər dənizindən Qara dənizə, daha sonra isə Avropaya qədər uzanan nəqliyyat dəhlizlərinin mühüm halqası olan Azərbaycan, həm Mərkəzi Asiya ölkələrinin, həm də Qərbin maraqları baxımından strateji əhəmiyyətə malikdir. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz bu baxımdan ön plana çıxır. Qərb ölkələri üçün Mərkəzi Asiya ilə əlaqələrin əsas hədəflərindən biri regionun enerji resurslarından istifadə edə bilməkdir. Bu nöqtədə Azərbaycanın enerji infrastrukturu, o cümlədən Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr xüsusilə böyük önəm qazanır. Qeyd edilən infrastruktur yalnız Azərbaycan neft və qazının deyil, eyni zamanda Mərkəzi Asiya ölkələrinin enerji resurslarının da Qərbə çatdırılmasında getdikcə daha çox istifadə olunur.

Azərbaycan həm də Qərb və Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş kimi çıxış edir. Ölkə balanslaşdırılmış xarici siyasəti və regional əməkdaşlığa verdiyi töhfə ilə seçilir. Bakı həm Avropa İttifaqı ilə, həm də Türk Dövlətləri Təşkilatı və digər regional strukturlar çərçivəsində Mərkəzi Asiya ölkələri ilə fəal əməkdaşlıq edir. Bu da Azərbaycanı Qərblə Orta Asiya arasında vasitəçi, eyni zamanda  əlaqələndirici mərkəzə çevirir. Daha bir mühüm nüans odur ki, tranzit imkanları baxımından Azərbaycan öz dəmir yolu və dəniz nəqliyyat infrastrukturunu da sürətlə inkişaf etdirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tiflis-Qars dəmir yolu və yeni avtomobil yolları ölkənin logistik potensialını xeyli artırıb. Bu imkanlar Qərb ölkələri üçün Çin və Mərkəzi Asiya bazarlarına çıxışda strateji alternativ yaradır. Eyni zamanda, Azərbaycan nəqliyyat və enerji sahəsində rəqəmsal texnologiyaların tətbiqinə də xüsusi önəm verir. Bu, logistik əməliyyatların şəffaflığı və sürətini artırır, regionlararası ticarəti daha cəlbedici edir.

O da bəlli həqiqətdir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra şimal qonşumuzun ərazisindən keçən nəqliyyat marşrutlarından istifadə getdikcə azalır. Əvəzində Azərbaycan ərazilərindən tranzit vasitə kimi istifadə edilməsi halları dinamik şəkildə artır.  Bu şəraitdə Mərkəzi Asiya dövlətləri, xüsusən də Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi ölkələr Azərbaycanın tranzit imkanlarından istifadə etməyə daha çox maraq göstərirlər. Qeyd edilən hal Avaza şəhərində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycanın Baş naziri Əli Əsədov arasında keçirilən üçtərəfli görüş kontekstində özünü bir daha büruzə verdi.

Burada Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ailəsində, Dövlət başçılarının Məşvərət şurasında xüsusi yerinin olduğunu, Azərbaycan Prezidentinin bu istiqamətdə çox iş gördüyünü vurğulayıblar. Onlar  Azərbaycanın region ölkələri ilə birlikdə Avrasiya, eləcə də  bütün dünya üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər. Türkmənistan Xalq Məsləhətinin sədri  Mərkəzi Asiya ölkələri və Azərbaycan formatının artıq faktiki olaraq mövcud olduğunu, bu əməkdaşlığın günün tələbinə çevrildiyini və bu formatın daimi praktikaya çevrilməsinin zəruriliyini qeyd edib. O, Prezident İlham Əliyevin Azərbaycan-Türkmənistan-Özbəkistan formatında əməkdaşlığı vacib saydığını qeyd edib və bu görüşü belə bir yeni formatın əsasının qoyulması kimi qiymətləndirib. Məlumata əsasən, üçtərəfli formatın ilk görüşündə humanitar, mədəni əlaqələrin inkişafının vacibliyi və iqtisadi əməkdaşlıq mövzuları müzakirə edilib. İqtisadi sahədə ən aktual istiqamətlər kimi nəqliyyat, logistika, enerji sektorlarında strateji əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev diqqətə çatdırıb ki, bu gün Mərkəzi Asiya ölkələri Azərbaycanla səmərəli əməkdaşlıq edir, ticarət, nəqliyyat, yaşıl enerji sahəsində layihələr həyata keçirilir.

Qeyd edildiyi kimi Azərbaycan həm də enerji sahəsində Mərkəzi Asiya üçün strateji tərəfdaşdır. Tezliklə bu əməkdaşlıq genişmiqyaslı birgə yaşıl enerji layihələri əsasında daha da dərinləşəcək. Həmçinin, Türkmənistan qazının gələcəkdə Azərbaycan üzərindən Avropaya nəqli üçün aparılan danışıqlar sözügedən bu əməkdaşlığın genişlənməsinə əlavə şərait yaradır. Bu, həm enerji təhlükəsizliyi, həm də iqtisadi inkişaf baxımından Mərkəzi Asiya ölkələri üçün böyük üstünlükdür.

Mədəni və tarixi baxımdan da Azərbaycanla Mərkəzi Asiya arasında dərin bağlar mövcuddur. Türk kimliyi, İslam mədəniyyəti və ortaq tarixi keçmiş bu əməkdaşlığı daha da gücləndirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın fəallığı, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə səbəb olur. Azərbaycan bu platformada həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə ciddi töhfə verir. Beləliklə, Azərbaycan Mərkəzi Asiya üçün yalnız tranzit ölkə və enerji tərəfdaşı deyil, eyni zamanda siyasi, iqtisadi və mədəni əməkdaşlığın gücləndirilməsində əsas oyunçulardan biridir. Mövcud geosiyasi şəraitdə bu əhəmiyyət daha da artır və gələcəkdə Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin daha geniş miqyası əhatə etməsi gözlənilir.

MTM Analitik Qrup