İyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü Mərkəzi Asiya ölkələrinin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
“Tengrinews.kz” portalı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Zirvə görüşündə unikal sivilizasiyanın və milli dillərin qorunub saxlanmasının vacibliyi, eləcə də süni intellektdən istifadə etməklə “Böyük türk dili modeli”nin hazırlanması təklifi ilə bağlı səsləndirdiyi bəyanatları dərc edib.
“Kazakhstan Today” xəbər agentliyinin məqaləsində Qazaxıstan Prezidentinin Türk Mərkəzi Bankları Şurası və Ümumtürk Patent Təşkilatının yaradılması təklifindən bəhs edilir.
“Kazinform” dövlət agentliyi qeyd edir ki, Şuşa şəhərində keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşünün yekunlarına dair Qarabağ Bəyannaməsi qəbul edilib.
Özbəkistanın Milli İnformasiya Agentliyi “UzA” TDT-ə üzv ölkələrin nümayəndə heyətləri rəhbərlərinin Azərbaycan Prezidentinin müşayiəti ilə Şuşa şəhərində aparılan quruculuq işləri ilə tanışlıq səfəri barədə məlumat yayıb. Məqalədə qeyd olunub: “Şuşanı Qarabağın əsas incisi, Qafqaz incəsənətinin məbədi və Azərbaycan musiqisinin beşiyi adlandırırlar. Şəhər görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin bütöv qalaktikasının doğulduğu məkandır. 2021-ci ildən Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, 2023-cü ildə isə şəhər Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Bu il Xivə şəhəri ilə Şuşa şəhəri qardaşlaşmış şəhərlərə çevrilib”.
“Gazeta.uz” internet nəşri isə yazıb ki, Şuşada keçirilən Zirvə görüşündə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın prioritetləri kimi ticarət və nəqliyyat marşrutlarının inkişaf etdirilməsini, alternativ enerji mənbələrindən istifadəni və iqlim dəyişikliyi ilə mübarizəni göstərib.
“Bu gün ölkələrimizin qətiyyətli səyləri əsas dünya bazarlarına çıxmağa və yeni tarixi şəraitdə Böyük İpək Yolunu dirçəltməyə yönəlib”, -deyə media resursu Özbəkistan Prezidentinin sözlərindən sitat gətirir.
Məqalədə Özbəkistan Prezidentinin TDT çərçivəsində Daşkənddə direksiyası olan Dəmir Yolu Administrasiyaları Şurasının yaradılması, beynəlxalq dəhlizlərin imkanlarından ən səmərəli istifadə edilməsi, avtomobil daşımalarının tam rəqəmsallaşdırılması və “yaşıl” dəhlizlərin yaradılması üzrə kompleks tədbirlər planının hazırlanması təklifindən bəhs edilir.
Qırğızıstan milli xəbər agentliyi “Kabar” bildirib ki, Qırğızıstan Prezidenti Sadır Japarov işgüzar səfərinin ilk günü, iyulun 5-də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərləri ilə birlikdə Şuşada tikilməkdə olan mərkəzi məscidə və şəhər mərkəzindəki yeni məhəlləyə baxış keçirib. Xəbərdə əlavə edilib ki, burada şəhərin tarixi görkəmini bərpa etmək məqsədilə yerli memarlıq üslubunda tikililər ucaldılır.
Materialda diqqətə çatdırılıb: “Zirvə görüşündə çıxış edən Qırğızıstan Prezidenti su ehtiyatlarından səmərəli və qənaətlə istifadəni təmin edən, enerji və resurslarla bağlı israfçılığın qarşısını alan texnologiyaların tətbiqi kimi ölkə üçün aktual olan məsələlərə toxunub, həmçinin nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb”.