MƏRAKEŞİN FRANSIZDİLLİ NƏŞRİ AZƏRBAYCANDAKI PREZİDENT SEÇKİLƏRİNDƏN YAZIB

Mərakeşin fransızdilli “Lavie Eco” saytı Azərbaycandakı növbədənkənar Prezident seçkiləri barədə geniş məqalə dərc edib.

Secki-2024.az saytının məlumatına əsasən, məqalədə Azərbaycanın iqtisadi potensialı, geosiyasi mövqeyi və enerji bazarlarındakı rolu fonunda 7 fevral seçkiləri qiymətləndirilib.

Bildirilib ki, budəfəki seçkilər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra baş tutur.

“Dünya təcrübəsində müstəqilliyinin cəmi 30 ilində bu qədər böyük uğurlara imza atan ölkələrin sayı çox azdır. Bu gün Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrilib. Azərbaycanın təşəbbüsü və tərəfdaşları ilə birgə həyata keçirilən bir sıra irimiqyaslı layihələr təkcə Cənubi Qafqaz regionunun deyil, həm də qonşu regionların inkişafına mühüm töhfə verir”, – deyə məqalədə bildirilib.

Yazıda qeyd olunub ki, ərazi bütövlüyünü tam bərpa etmiş ölkə kimi Azərbaycanın qarşısında həm regionda, həm də qlobal məkanda davamlı iqtisadi inkişafı təmin etmək kimi yeni məqsəd və vəzifələr dayanır.