MƏRAKEŞ MEDİASINDA QƏRBİ AZƏRBAYCANLILARIN GERİ QAYIDIŞ HÜQUQUNDAN BƏHS EDİLİB

Mərakeş mediası Qərbi Azərbaycan İcması tərəfindən Bakı şəhərində təşkil edilən “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfransla bağlı məqalə dərc edib.

“L’Opinion” nəşrində yer alan məqalədə soydaşlarımızın başına gələn müsibətlər və Qərbi azərbaycanlıların geri qayıdış hüququndan da bəhs edilib.

Bildirilib ki, dekabrın 5-də Azərbaycanın paytaxtı Bakıda mühüm məsələ – 1987–1991-ci illərdə Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib. Konfrans Qərbi Azərbaycan İcması tərəfindən təşkil olunub. Yerli və xarici siyasətçilər, ekspertlər və QHT nümayəndələri də daxil olmaqla 30–dan çox ölkədən 100-dən çox nümayəndə Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasının hüquqi və siyasi aspektlərini, eləcə də praktiki tərəflərini müzakirə ediblər.

Məqalədə, həmçinin vurğulanıb ki, 1987-1991-ci illərdə Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfəri amansızlıqla qətlə yetirilib, 1154 nəfər yaralanıb, erməni zorakılığından canlarını qurtarmaq üçün Azərbaycana sığınmağa məcbur olublar.

Qeyd olunub ki, Ermənistanda Azərbaycan mədəni irsi sistemli şəkildə məhv edilməkdədir. Son üç onillikdə Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etməsinə icazə verməkdən imtina edib.