MƏLEYKƏ ABBASZADƏ İXTİSAS QRUPLARINDAKI DƏYİŞİKLİKLƏRƏ AYDINLIQ GƏTİRİB

I və III ixtisas qruplarında bəzi ixtisaslar üzrə imtahan fənlərinə dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə məlumat verib.

O bildirib ki, III qrupa əlavə fənn artırılmayıb, sadəcə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları üzrə imtahan verən tələbələr coğrafiya fənnindən imtahan verəcəklər.

DİM sədri onu da bildirib ki, bir ildən sonra I qrupda informatika ixtisasını seçən tələbələrə kimya əvəzinə informatikadan imtahan verməyə icazə veriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil ediliblər.

2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur. Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.

Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.