İxtisas qrupları ilə bağlı dəyişikliklər yalnız abituriyentlərin imkanlarının genişləndirilməsi üçün aparılır. Hər il imtahan nəticələrinin təhlili aparılanda biz hansı qrupda nə qədər abituriyent iştirak etdiyini araşdırırıq. Biz ali məktəblərlə çox sıx əməkdaşlıq edirik. Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasına qəbul olan şəxs mütləq coğrafiyanı bilməlidir.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə canlı yayımda valideynlərin və müəllimlərin suallarını cavablandırarkən deyib.
Xatırladaq ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.