Artıq Azərbaycanda yeni reallıq mövcuddur. 30 ildən çox işğal altında olan torpaqlarını azad etməsi münasibətilə Azərbaycanı təbrik edirəm. Bu sadəcə milli məsələ deyil, eyni zamanda, regional əhəmiyyət kəsb edir. Biz istər emosional, istərsə də siyasi zəmində buna mühüm əhəmiyyət veririk.
Bu sözləri İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçirilən konfransda bildirib.
“Analitik mərkəzlər siyasi məsələlərin, münasibətlərin zəminində mühüm yer tutur. Bu konfrans da araşdırma və beyin mərkəzlərinin görüşüdür. Bu onu ifadə edir ki, biz region barədə, mövcud ikitərəfli münasibətlərin daha səmərəli üçtərəfli formata çevrilmə potensialı barədə düşünürük. Ona görə də bu görüşün hamımız üçün böyük əhəmiyyəti var. Bizim Azərbaycanla ikitərəfli münasibətlərimiz yaxşıdır, eyni zamanda, bu, Türkiyə ilə də belədir. Ümid edirəm ki, bu konfransda biz daha səmərəli regional əməkdaşlığı müzakirə edəcək, istər beynəlxalq, istərsə də regional analizlərimizi, təhlillərimizi paylaşacağıq. Bu, istər ikitərəfli, istərsə də üçtərəfli münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq”, – deyə Məhəmməd Kazım Səccadpur qeyd edib.