Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Şuşada təşkil edilən “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans sentyabrın 20-də Bakıda işini davam etdirib.
Əvvəlcə sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katranın moderatorluğu ilə başlayan konfransda o, Şuşaya ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, səfər çərçivəsində gördükləri onda Azərbaycan mədəniyyəti ilə bağlı böyük təəssürat yaradıb: “İlk olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunda olduq. Burada qoruqla bağlı zəngin məlumat əldə etdik. Füzulidən keçərkən ermənilərin törətdiyi dağıntılar bizi çox məyus etsə də az bir vaxtda inşa edilərək istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı bir daha göstərir ki, az vaxtda bu yerlər öz keçmiş şöhrətini tam bərpa edəcək”.
Təşkil edilən konfransın əhəmiyyətindən danışan israilli ekspert bildirib ki, tədbirdə beynəlxalq məruzəçilər var onlar öz təcrübələrini bölüşəcək və məruzələrdə mədəniyyət iqtisadiyyatı termininin daşıdığı məna yükü tam dolğunluğu ilə bir daha diqqətə çatdırılacaq.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov torpaqlarımızın işğaldan azad etdikdən sonra qarşıda dayanan əsas məsələlərdən danışıb. Bildirib ki, bu, bir neçə mərhələdən keçir, onlardan biri də mədəniyyətin dirçəldilməsidir: “Qayıdışımızın ilk günləri “Xaribülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri, “Məclisi-üns” və digər tədbirləri keçirtdik. Əgər biz bu günədək mədəniyyətin mənəvi tərəfini düşünürdüksə indi isə mədəniyyətin iqtisadiyyat tərəfini düşünürük. İki gündür davam edən beynəlxalq tədbirdə tanınmış mütəxəssislərin iştirakı ilə mədəniyyət iqtisadiyyatına həsr olunmuş müzakirələr aparılır. Bu gün biz vergi güzəştləri, müəllif hüquqlarının qorunması kimi məsələləri də müzakirə edəcəyik”.
Konfransı mövzuya uyğun çıxışlar dinlənilib.









