Avqustun 8-də mədəniyyət nazirinin müavini Səadət Yusifovanın sədrliyi ilə Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.
Nazirlikdən bildirilib ki, iclasda Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 13 yanvar 2023-cü il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 16 nəfər namizədin apellyasiya şikayətlərinə baxılıb. 16 nəfər namizəddən 5 nəfərin müsahibə nəticəsi dəyişdirilərək vəzifəyə uyğun hesab edilib, 11 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.
İclas zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. İbrahimzadə Lalə İlqar qızı, Qasımlı Ceyhun Elşən oğlu, Həsənzadə Təbriz Asəf oğlu, Səfərli Teymur Əlisahib oğlu, Hüseynov Bəxtiyar Mirdamət oğlu və Novruzov Nicat Habil oğlu Şuranın iclasında iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunub.
Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair qərarlar qəbul edilib.
Hüseynova Türkan Şükür qızı, İbrahimzadə Lalə İlqar qızı, Rəhimli Fidan Məmmədağa qızı, Həsənzadə Təbriz Asəf oğlu, Səfərli Teymur Əlisahib oğlu, Quluyev Aqil Əkbər oğlu, Əliyeva Sevinc Zeynal qızı, Qasımlı Ceyhun Elşən oğlu, Novruzov Nicat Habil oğlu, Qəniyev Cəbrayıl Nəriman oğlu və Həsənova Aygün Vidadi qızının şikayətləri ilə əlaqədar Apelyasiya Şurasında qəbul edilən qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.
İbrahimova Aidə Kamandar qızı, Rəhimova Əzizə Cəlil qızı, Cümşüdlü Pərviz Telman oğlu, Hüseynov Bəxtiyar Mirdamət oğlu və Ələkbərov Müşviq Azər oğlunun şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsi dəyişdirilərək iddia etdikləri vəzifəyə uyğun hesab edilib.