Oktyabrın 24-dən 25-dək Bakı Ekspo Mərkəzində Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq “Yaşıl STEAM Azərbaycan” Festivalı (SAF – 2024) keçirilir. Bu il 4-cü dəfə keçirilən “STEAM Azərbaycan”da ilk dəfə Mədəniyyət Nazirliyinin bədii təhsil ocaqları da təmsil olunur.
Nazirlikdən bildirilib ki, festivalda “H2 Grand Prix PRO”, “FlyTech”, “CubeSaT”, “VEX IQ Competition”, “VEX Robotics Competition”, “VidX”, “Engineers of Future”, “Green initiatives” və “Green Coding” kateqoriyaları üzrə yarışlar təşkil olunacaq.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və Rəşid Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdləri builki festivalda süni zəka və incəsənət mövzusunda bilik və bacarıqlarını nümayiş etdirəcəklər.
Hər iki məktəbin şagirdləri ifaçılıq və rənglərlə harmoniya yaratmaq sahəsində süni zəka və yaşıl düşüncə vərdişlərindən faydalanacaqlar.