MƏDƏNİYYƏT NAZİRİ TELEVİZİYA KANALLARININ RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞÜB

Fevralın 16-da Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə ölkəmizdə fəaliyyət göstərən televiziya kanalları rəhbərlərinin görüşü keçirilib.
Görüşdə Rövşən Məmmədov (“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti), Mirşahin Ağayev (Real TV), Balakişi Qasımov (İctimai Televiziya), Kamil Şahverdiyev (Space TV), Murad Dadaşov (Xəzər TV), Azər Xəlilov (Azad Azərbaycan TV), Vüqar Xəlilov (CBC TV), Radik İsmayılov (ARB TV) və Lider TV-nin nümayəndəsi Nazxanım Bağırova iştirak ediblər.
Əvvəlcə görüş iştirakçıları Milli İncəsənət Muzeyinin “Azərbaycan incəsənəti minilliklər boyu” adlı daimi sərgisi ilə tanış olublar. Ekspozisiyada Azərbaycanın qədim maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilkin və sonrakı dövrlərdə təkmilləşən tətbiqi və təsviri sənət nümunələri sərgilənir.
Sərgidə nümayiş olunan miniatür əsərlərə baxış zamanı nazir Anar Kərimov Azərbaycan Prezidentinin Sərəncamı ilə bu ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunduğunu, eyni zamanda, ötən il dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” mədəni elementinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bunları nəzərə alaraq miniatür sənətinə diqqət artırılmalı, televiziyalarımız da bu sənətlə məşğul olan insanları cəmiyyətə tanıtmalıdır.
Sonra görüş dəyirmi masa formatında fikir mübadiləsi ilə davam edib. Milli televiziyanın yaranması günü münasibətilə televiziya rəhbərlərini təbrik edən Anar Kərimov bildirib ki, cəmiyyətin inkişafında, milli həmrəyliyin gücləndirilməsində televiziyaların böyük rolu var: “Rəqəmsal platformaların daha çox vüsət aldığı bir vaxtda statistika göstərir ki, ənənəvi media vasitələri öz mövqelərini qoruyub saxlamaqda davam edir. Bu gün televiziyalar ictimai fikrin formalaşmasında, müstəqil dövlətçiliyimizin təbliğində mühüm rol oynayır. Bunun bariz nümunəsini biz 44 günlük Vətən müharibəsi zamanı televiziyalarımızın fəaliyyətində görə bildik”.
Daha sonra Anar Kərimov Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatlardan söz açıb. Nazir, həmçinin dövlət başçısının tapşırığına uyğun olaraq mədəniyyət sahəsində həyata keçirilən islahatların və yeniliklərin ictimaiyyətə təqdim edilməsi prosesinə televiziyaların da dəstək göstərməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə mədəniyyətin bütün sahələrinin işıqlandırılmasının diqqətdə saxlanılması, o cümlədən Qarabağın mədəni irsinin təbliği (Mədəniyyət Nazirliyinin “Mədəniyyəti Qarabağa qaytarırıq” layihəsi) məsələləri müzakirə edilib.
Anar Kərimov mədəniyyət sahəsinin təbliği ilə bağlı görüş iştirakçılarının təkliflərini dinləyib. Müzakirə zamanı televiziyaların film nümayişi siyasətinə yeni baxış, nazirliklə televiziyalar arasında işçi qrupun yaradılması, eləcə də birgə fəaliyyət planının hazırlanması ilə bağlı fikirlər səsləndirib.
Diskussiyalarda vətənpərvərlik mövzusunda verilişlərin hazırlanması, mədəniyyətin müxtəlif sahələrində insan resurslarının inkişafı, cizgi filmlərinin istehsalı və yayımı məsələlərinə toxunulub. Kino sahəsindəki yeniliklər və bu sahədə görüləcək işlər, eləcə də televiziyaların “Azərbaycanfilm” kinostudiyası ilə əməkdaşlıq məsələləri də görüşün müzakirə obyektlərindən olub.
Görüşdə kino, teatr, sirk sənəti, digər sahələr üzrə kadrların hazırlanması kimi məsələlərə diqqət yönəlib. Nazir yaxın zamanlarda film.az platformasının yaradılacağını diqqətə çatdıraraq qeyd edib ki, bu platforma həm xarici, həm də yerli kanal və şirkətlərin Azərbaycanda film və pavilyon çəkilişlərindən asanlıqla istifadəsinə şərait yaradacaq. Görüşdə, həmçinin “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı, Zəfər muzeyinin yaradılması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Televiziya rəhbərləri müəyyən məqamlarla bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, “Mədəniyyət” kanalı Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edir və bundan sonra da nazirliyin platforması kimi birgə layihələri davam etdirəcək. Nazirlik tərəfindən yaradılacaq Azərbaycan Kino Agentliyi ilə əlaqələrin qurulması da müsbət qarşılanan fikirlər sırasında olub.
Həmçinin regional mədəniyyət idarələri ilə sıx əməkdaşlıq, ali və peşə təhsili müəssisələrində operator, səs rejissoru və digər sənət sahələrinin gənclər arasında populyarlaşdırılması və inkişafı, teatrlarda milli satirik ruhlu tamaşaların müasir yanaşmalarla təqdim edilməsinin əhəmiyyəti qeyd edilib.
Görüş iştirakçıları Əqli Mülkiyyət Agentliyi tərəfindən musiqi əsərlərinin lisenziyalaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Qeyd olunan məsələlərə münasibət bildirən nazir verilən təkliflər üzrə yaxın zamanlarda işçi qrupunun yaradılacağını və bu istiqamətdə artıq müəyyən addımların atıldığını deyib. Bildirib ki, səsləndirilən bütün təkliflər nəzərdən keçiriləcək. Təkliflərin reallaşdırılması həm nazirliyin, həm də televiziyaların fəaliyyətinə töhfə verəcək.
Sonda nazir Anar Kərimov səmimi və faydalı fikir mübadiləsinə görə televiziya rəhbərlərinə təşəkkür edib.