LONDON SAMMİTİ UKRAYNANI XİLAS EDƏCƏKMİ?

Fevralın 28-də Amerika Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında baş verən gərginlik Ukraynanın Qərb dəstəyindən nə qədər asılı olduğunu, bu dəstək olmadan Ukraynanın həyatda qalmaq imkanlarının məhdudlaşdığını göstərdi. Bu hadisədən dərhal sonra Britaniyada Avropa liderlərinin iştirakı ilə Kiyevə dəstək sammitinin keçirilməsi də məhz Ukraynanın sağ qalmasına yönələn addım idi. İlk növbədə onu deməliyik ki, Britaniya baş nazirinin təşəbbüsü ilə keçirilən sammit Avropa liderlərinin Ukraynaya olan dəstəyini nümayiş etdirmək baxımından əhəmiyyətli idi. Sammitin sonunda Britaniyanın Baş naziri Keir Starmer iştirakçıların Ukrayna üçün sülh planı hazırlamaq və bu məqsədlə “istəkli koalisiya” formalaşdırmaq barədə razılığa gəldiklərini bildirdi. Zelenski isə Avropanın güclü dəstəyini hiss etdiyini və Trampla münasibətləri bərpa etməyə ümid etdiyini ifadə etdi.

Təbii ki, Avropa İttifaqının bu dəstəyi Zelenskiyə daxili və xarici siyasətdə müəyyən üstünlüklər qazandıra bilər. Birincisi, bu dəstək Zelenskinin beynəlxalq arenada mövqeyini gücləndirir və Ukraynanın suverenliyinə olan sadiqliyi nümayiş etdirir. İkincisi, Rusiyaya qarşı diplomatik təzyiqi artırır, münaqişənin həllində Ukraynanın mövqeyini möhkəmləndirməyə çalışır. Üçüncüsü, Avropanın dəstəyi Ukrayna cəmiyyətindəki psixoloji sabitliyin qorunub saxlanmasına xidmət edir. Lakin hələ də ABŞ-ın Ukraynaya dəstəyinin azaldığı təqdirdə Avropa ölkələrinin bu boşluğu doldurmaq qabiliyyəti sual altındadır. Avropa liderləri də etiraf edir ki, onlar Amerikasız Ukraynaya lazım olan məbləği kompensasiya etməkdə acizdirlər. Hətta onlar dondurulmuş Rusiya aktivlərinin Ukrayna xeyrinə sərf olunmasında razılığa gələ bilmir, hətta bundan çəkinirlər. Digər tərəfdən onu da nəzərə almalıyıq ki, Avropa ölkələrinin müdafiə büdcələri məhduddur və ABŞ-ın təmin etdiyi hərbi resurslar olmadan onlar müstəqil hərəkət etməkdə çətinlik çəkir. Artıq bu vəziyyət Avropa ictimaiyyətində geniş müzakirə olunmağa başlayıb. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen də bu məsələyə toxunaraq bildirib ki, təcili olaraq Avropanın yenidən silahlandırılması məcburiyyəti yaranıb. Əslində, yeni ideya deyil. Krım ilhaq olunanda da, Rusiya Ukraynanın şərqinə hərbi müdaxilə edəndə Avropada bu cür bəyanatlar səslənirdi, lakin onların həyata keçirilməsi istiqamətində heç bir addım atılmırdı. Amma Trampın Zelenskiyə son təpinməsindən sonra hərbi təhlükəsizliyin təmin olunması yenidən Avropanın yadına düşüb və Avropa bu ağır missiyanı Amerikasız həyata keçirmək istəyir. Lakin bu təbii ki, bir-iki günün işi deyil. Hələlik Avropa liderləri Trampı inandırmağa çalışır ki, o öz qərarından dönsün və Zelenskiyə kömək etsin. Çünki onlar yaxşı bilir ki, ABŞ-ın hərbi infrastrukturu və logistika imkanları olmadan Avropa ölkələrinin Ukraynaya effektiv dəstək verməsi o qədər də mümkün olmayacaq. Elə Britaniyada keçirilən sammitin nəticələri də bunu deməyə əsas verir. Belə ki, London sammiti konkret plan təqdim etmədən başa çatdı və Avropanın Ukrayna məsələsində strategiyasız olduğu qənaətini yaratdı. Bu sammit Avropanın Ukraynaya dəstək vermək üçün birgə hərəkət etmək istəyini göstərsə də, bu koalisiyanın nə dərəcədə effektiv olacağına dair əminlik yaratmadı. Bir sözlə, Britaniyada keçirilən sammit Avropa liderlərinin Ukraynaya dəstəyini nümayiş etdirmək baxımından əhəmiyyətli olsa da, konkret tədbirlərin və strategiyanın olmaması bu dəstəyin effektivliyini sual altına qoydu. Avropa ölkələrinin ABŞ-sız Ukraynaya kifayət qədər dəstək verməsi çətin görünür. Bu vəziyyət Avropa İttifaqının xarici siyasətində daha fəal və birgə hərəkət etməsinin vacibliyini göstərir.

MTM Analitik Qrup