LİVANLI POLİTOLOQ: İRANIN DƏRİN TARİXİ KÖKLƏRLƏ BAĞLI OLDUĞU AZƏRBAYCANLILARI DEYİL, ERMƏNİLƏRİ DƏSTƏKLƏMƏSİ HEÇ BİR MƏNTİQƏ SIĞMIR

İran rejiminin siyasətində çoxlu təzadlı məqamlar var və bu dövlətin özünün sıx dini, mədəni, tarixi, nəhayət, qohumluq əlaqələri olduğu azərbaycanlıları deyil, erməniləri dəstəkləməsi heç bir məntiqə sığmır. Tehran ilk gündən Azərbaycanla Ermənistan arasında münaqişəyə qarışıb və bu məsələdə subyektiv, eyni zamanda, qaranlıq olan maraqlarından çıxış edib. Analitiklər İranın mövqeyini izah etməkdə çətinlik çəkir. Xüsusən, İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər Bakını Tehrandan daha da uzaqlaşdırır. Bu, Tehran tərəfindən çox uğursuz siyasi kursdur.

Bu fikirlər livanlı xanım politoloq Huda Əl Hüseyninin “Al Şarq Al Asvat” nəşrində dərc olunmuş “İranın Azərbaycanla Ermənistan arasında münaqişənin həllində rolu” sərlövhəli analitik məqaləsində yer alıb. Müəllif vurğulayıb ki, özünün məntiqsiz bəyanatlarında rəsmi Bakını İsrail və Qərblə əməkdaşlıqda ittiham edən İran, eyni zamanda, 765 kilometr sərhədi olan qonşu Azərbaycanla münasibətləri gərginləşdirir. Bu, Ermənistanla bağlı rəsmi Tehranın son addımlarında özünü daha açıq göstərir.

Huda Əl Hüseyni onu da qeyd edib ki, İranın ərəb ölkələri ilə də münasibətləri gərginləşdirməsi yeni xarici siyasi kurs deyil. Belə ki, şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə də Tehran antiərəb siyasəti aparıb və indiki rejim onu davam etdirir.