LİVAN PORTALI RUSİYA PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİNDƏN VƏ CƏNUBİ QAFQAZDAKI VƏZİYYƏTDƏN YAZIB

Cənubi Qafqazda cərəyan edən siyasi proseslər dünya mətbuatının diqqət mərəzindədir. Livanda dərc olunan “Al Mayadeen” qəzeti Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə həsr olunmuş “Putin və Azərbaycanla münasibətlər: Cənubi Qafqaza diqqət mərkəzində” sərlövhəli analitik material yayıb.

Müəllifi Xuda Rizik olan materialda Azərbaycan Prezidenti İlham Əliyevin balanslaşdırılmış xarici siyasət yürütdüyü və bununla da milli maraqları qoruduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Prezident İlham Əliyev Qərblə əlaqələri inkişaf etdirməklə yanaşı, Azərbaycan-Rusiya münasibətlərinin genişlənməsinə də xüsusi önəm verir. Prezident İlham Əliyev strateji balansı qorumaqla regionda sabitliyi qoruyub saxlamanılması və davamlı xarakter alması üzərində səylə çalışır. Azərbaycan siyasi reallıqları nəzərə alaraq qonşuları kimi birbaşa NATO ilə yaxınlaşıb bu quruma üzv olmaq istəmədi. Balanslaşdırılmış xarici siyasət nəticəsində rəsmi Bakı Qarabağın işğaldan azad edilməsinə nail oldu.

Ukraynada davam edən silahlı toqquşma Rusiya üçün Qərbə “qapıları bağlayıb”, buna görə də Moskva “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə tam olaraq formalaşmasına və inkişafına çalışır. Azərbaycan isə İran və Rusiya arasında tranzit ölkədir. Rusiya Cənub Şərqi Asiya, Hindistan, Çin, Körfəz ölkələri ilə bu dəhliz vasitəsilə ticarət əlaqələrini davam etdirəcək. Azərbaycan tranzit ölkə olaraq öz ərazisində dəhlizin tam gücü ilə işləməsi üçün lazım olan bütün infrastruktur layihələrini həyata keçirib. Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir və avtomobil yolları inşa edərək istismara verib.

Vladimir Putinin Azərbaycana dövlət səfərinə toxunan müəllif vurğulayır ki, Rusiya Prezidentinin yüksək səviyyədə qəbul edilməsi qarşılıqlı əlaqələrin inkişaf istiqamətində olduğunu göstərir.

Materialda bildirilir ki, Prezident İlham Əliyev Türkiyə ilə də yaxın müttəfiqlik əlaqələri qurub. Prezident İlham Əliyevin praqmatik siyasəti Azərbaycanın müstəqil hərəkət etməsinə, heç bir ölkənin təsir altına düşməməsinə gətirib çıxarıb.

Rusiya ilə Azərbaycan arasında 170 razılaşma əldə edilib. Azərbaycanda rus dilində tədris aparılan 300-dən çox məktəb fəaliyyət göstərir və Rusiya-Azərbaycan Universitetinin yaradılması qərara alınıb. Hər iki ölkə nəqliyyat, tranzit, enerji, sənaye və iqtisadiyyatın digər sahələrində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdirlər. Rusiya İtaliyadan sonra Azərbaycanın ikinci yaxın ticarət tərəfdaşıdır.

Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatındakı statusunun artırılmasını, BRICS ölkələri sırasına daxil olmasını istəyir. Bununla yanaşı, Rusiya Ermənistan ilə Azərbaycana arasında sərhədin demarkasiya və delimitasiyasınıda iştirak edib məsələnin tam həllinə çalışır. Lakin Ermənistan 2020-ci ildə Bakı, Moskva və İrəvan arasında əldə olunan razılaşmaya əməl etmir. Rusiyanın xarici işlər naziri Serqey Lavrov Ermənistanın bu siyasətini tənqid edib. O, rəsmi İrəvanı razılaşmanı sabotaj etməkdə ittiham edib.

Yazıda ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı fəaliyyətinə də diqqət çəkilib. Vurğulanıb ki, Ermənistan Minsk qrupunu ərhədim demarkasiyası üzrə danışıqlar prosesinə cəlb etməyə çalışsa da, Azərbaycan bu qurumu ölü hesab edir. Belə ki, qrup 30 il müddətində problemin həlli istiqamətində səmərəli addım atmayıb.

Müəllif Xuda Rizik, həmçinin Prezident İlham Əliyevin yüksək diplomatik qabiliyyətinə diqqət çəkir. Bildirir ki, Azərbaycan müasir dünyada suverenliyini bərpa edən bəlkə də yeganə ölkədir.