
Livanın “nn-lb.com” xəbər saytında Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərində yaranmış mina problemindən bəhs edən məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Livanda yaşayan, vaxtilə ölkəmizdə təhsil almış Akram Tarhininin təqdim etdiyi məqalədə hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki 147 min 988 hektar sahənin yüksək çirklənməsindən, 675 min 570 hektar ərazinin isə orta və aşağı təhlükə zonalar hesab olunmasından danışılıb.
Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən minaların fərq qoyulmadan, nişanlanmadan və hasarlanmadan döşənməsi vəziyyəti daha da ağırlaşdırır. “Heç bir hərbi zərurət olmadan minaların bu cür yerləşdirilməsi daha çox insan həyatına son qoymaqda davam edir və Azərbaycanda günahsız mülki əhali üçün daha böyük təhlükə yaradır”, – deyə yazıda vurğulanıb.
Oxucuların diqqətinə çatdırılıb ki, bu amilin məcburi köçkünlərin öz evlərinə geri qayıtmasını əngəllədiyini nəzərə alan Azərbaycan hökuməti minalara qarşı mübarizəni özünün milli prioritetlərindən biri hesab edir.