LEVON TER-PETROSYAN AZƏRBAYCANLILARIN ERMƏNİSTANDAN QOVULMASINI FAKTLARLA ETİRAF ETDİ

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyasını etiraf etməsi ilk növbədə soydaşlarımızın tarixi torpaqlarından zorla qovulmasının sübutuna dair tutarlı faktdır. Bu fakt göstərir ki, ötən əsrin 80-ci illərinin sonunda Ermənistan hakimiyyəti SSRİ rəhbərliyinin köməyi ilə azərbaycanlıların tamamilə qovulması planını həyata keçirib və nəticədə 300 mindən çox soydaşımız öz dədə-baba torpaqlarından didərgin düşüb. Regionun tarixində yaşanmış ağır humanitar fəlakətin bariz nümunəsi olan bu hadisədən ruhlanan Ermənistan hakimiyyəti xaricdən aldığı yardımlar sayəsində 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarının bir hissəsini işğal edib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib, 30 il davam edən münaqişənin əsası qoyulub.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə “Yerkrapa” terrorçuları qarşısında etdiyi çıxışda azərbaycanlıların Qərbi Azərbaycandan qovulmasını faktlarla izah etməsi ilk növbədə bu hadisələrə birbaşa onun özünün rəhbərlik etdiyini təsdiq edir. Bu isə Ermənistanın deportasiyanı dövlət səviyyəsində həyata keçirdiyini göstərməklə yanaşı, bu prosesin hərbi güc tətbiq etməklə icra olunduğunu da təsdiqləyir. Onun dediklərindən aydın olur ki, deportasiyanın əsas hərəkətverici qüvvələrindən biri də “Yerkrapa” silahlı terror qruplaşması olub. Çünki o, çıxışında bu təşkilatın fəaliyyətini təqdir edir, 1988-ci ildə baş verən sonuncu deportasiyanın olmayacağı təqdirdə azərbaycanlıların Basarkeçərdə, Zəngibasarda, Amasiyada, Zəngəzur mahalında böyük üstünlük təşkil edəcəyini deyir. Ona görə də Ter-Petrosyanın bu etirafı təkcə Ermənistandakı Azərbaycan əhalisinə qarşı törədilən zülmün etirafı deyil, həm də bu zülmün davamlılığını təmin edən anlayışın açıq ifadəsidir. Onun çıxışında etiraf etdiyi məsələlər eyni zamanda, Ermənistandakı dövlət eşalonunun azərbaycanlıların mədəniyyətinə, tarixinə və hüquqlarına təcavüzünü təsdiqləyir. Daha bir reallığı da gündəmə gətirir ki, Ermənistanın azərbaycanlılara qarşı yönəlmiş deportasiya siyasəti yalnız etnik təmizləmə və insan hüquqlarının pozulması ilə bitməyib, həmçinin xalqımızın öz tarixi torpaqlarında yaşamaq hüququnu rədd etmək məqsədi güdüb.

Ermənistanın bu cür hərəkətləri beynəlxalq hüquq və konvensiyalarla kəskin ziddiyyət təşkil edir. Bir tərəfdən, Ermənistan Beynəlxalq İnsan Hüquqları Konvensiyası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi prinsiplər və qərarlarla öz üzərinə humanitar öhdəliklər götürüb. Bu öhdəliklərə görə, bütün xalqların öz torpaqlarında sərbəst yaşamaq, etnik təmizləmə və deportasiyaya məruz qalmamaq hüququ var. Ona görə də Ermənistan bu öhdəlikləri nəzərə almalı və Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarını bərpa etməlidir. Digər tərəfdən Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtmaq hüququ beynəlxalq hüququn əsas prinsiplərindən olan “özgə torpağa və millətə qarşı zorakılıq, təcavüz və hüquq pozuntularına son qoyulması” prinsipi ilə ziddiyyət təşkil etmir. Çünki Basarkeçər, Zəngibasar, Amasiya, Zəngəzur və digər ərazilərdə azərbaycanlılar əsrlərlə yaşayıb, orada böyük tarixi və mədəni irs formalaşdırıblar. 1988-ci ildə baş verən sonuncu deportasiya nəticəsində isə azərbaycanlılar tarixən məskunlaşdıqları torpaqlardan zorla qovulublar.

Levon Ter-Petrosyanın etirafları beynəlxalq təşkilatlar, xüsusilə BMT, Avropa Şurası və digər hüquq müdafiə qurumları üçün Ermənistanın deportasiya cinayətini araşdırmaq və ona hüquqi qiymət vermək üçün əsas faktdır. Məhz həmin qurumlar Ermənistanı beynəlxalq hüquqa və etnik azadlıqların hüquqlarına dair götürdüyü öhdəliklərə hörmət etməyə, deportasiya nəticəsində zorla köçürülmüş azərbaycanlıların Qərbi Azərbaycana qayıdış hüquqlarını tanımağa məcbur etməlidir. Ermənistanın rəhbərliyi və dövlət aparatı tarixi haqları pozan və müharibə cinayətləri törədən siyasətlərindən əl çəkməli, regionda davamlı sülh və sabitlik üçün öz siyasətində fundamental dəyişikliklər etməlidir. Çünki Levon Ter-Petrosyanın etirafları Ermənistanın hazırki hakimiyyətini də fakt qarşısında qoyur və onları bu cür ciddi məsələyə münasibət bildirməkdən yayındırmır. Hər halda bu fakt Bakını vaxtaşırı mənasız ərazi iddialarında ittiham edən, müxtəlif bəhanələrlə sülh sazişinə mane olan Ermənistan üçün reallığı qiymətləndirmək və düzgün nəticə çıxarmaq üçün yaxşı fürsətdir.

MTM Analitik Qrup