LATVİYADA XOCALI SOYQIRIMINDAN BƏHS EDƏN SƏNƏDLİ FİLM NÜMAYİŞ OLUNUB

Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfirliyinin sifarişi ilə “Riga TV 24” telekanalında Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar sənədli film nümayiş etdirilib.
Latış dilinə dublyaj edilmiş “Xocalı soyqırımı” filmində Xocalı soyqırımının vaxtilə Holokost, Ruanda və Serebrenitsa soyqırımları ilə müqayisəsi aparılıb, insanlıq əleyhinə olan bu cinayətlərin ümumi cəhətləri və qurbanları barədə məlumat verilib.
Həmçinin filmdə ermənilərin Azərbaycan torpaqlarına köçürülmə tarixi, uzun illər ərzində ölkəmizə qarşı ərazi iddiaları, hərbi ekspansiya və etnik təmizləmə siyasəti, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti və təfərrüatları barədə söz açılıb. Xüsusilə Xocalı şəhərinin işğalının təfərrüatları geniş izah edilərək, yer üzündən silinmiş bu şəhərin mülki əhalisinə qarşı törədilən kütləvi qırğın və işgəncələrdən geniş bəhs edilib.
Filmin sonunda Xocalı soyqırımı ilə əlaqədar səfirliyin Latviya və dünya ictimaiyyətinə müraciəti yayımlanıb. Müraciətin fonunda telekanal tərəfindən əlavə video materiallar nümayiş etdirilib.
Müraciətdə Xocalı soyqırımının dünyanın bir sıra ölkəsinin parlamentləri tərəfindən qınanılmasına diqqət çəkilərək, bu xüsusda Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun təşəbbüsü ilə Seymin 53 deputatı tərəfindən imzalanmış və Xocalı soyqırımını insanlıq əleyhinə cinayət olaraq tanıyan 2015-ci il 26 fevral tarixli bəyanatına görə təşəkkür ifadə edilib.
Həmçinin müraciətdə ötən il Azərbaycan torpaqlarının hərbi işğaldan azad edilməsinə diqqət çəkilərək, 10 noyabr tarixli üçtərəfli bəyanatla iki ölkə arasında yaşanan hərbi münaqişəyə son qoyulduğu ifadə olunub. Bu xüsusda Ermənistan tərəfinin bəyanatın şərtlərinə ciddi əməl etməsinin vacibliyi vurğulanaraq, dünya ictimaiyyəti tərəfindən bu ölkə qarşısında aşağıdakı tələblərin səsləndirilməsinə çağırış edilib:

  • İki dövlət arasında mehriban qonşuluq münasibətlərinin əsası olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək;
  • Bütün hərbi əməliyyatların dayandırılmasını şərtləndirən 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərini pozaraq, Ermənistanın sözügedən bəyanatın imzalanmasından təxminən 20 gün sonra Azərbaycan ərazilərinə təxribat və terror qrupları göndərdiyini nəzərə alaraq, bu cür fəaliyyətlərə son qoymaq;
  • Bölgədə sülh, təhlükəsizlik və qarşılıqlı etimadın bərqərar edilməsi naminə revanşist siyasət və ritorikadan imtina etmək;
  • 1991-1994-cü illərdə Azərbaycan ərazilərinin hərbi işğalı zamanı itkin düşmüş 3890 Azərbaycan vətəndaşının taleyi və kütləvi dəfn yerləri barədə məlumat vermək;
  • Beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarında Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrini təqdim etmək;
  • Üçtərəfli bəyanatın tam həyata keçirilməsi, bu xüsusda bölgədə və xalqlar arasında sülh və qarşılıqlı etimad mühitinin bərqərar edilməsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq və azadlıqlar təmin olunması, həmçinin münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan Azərbaycanın erməni əsilli əhalisinin Azərbaycanın siyasi, sosial və iqtisadi məkanına reinteqrasiyası prosesinə sadiq qalmaq.
    Qeyd edək ki, “RīgaTV 24” kanalı Latviyada əsasən ictimai və siyasi diskussiya proqramları və sənədli filmlər təqdim edən televiziya kanalıdır. Kanal həftənin aktual mövzuları üzrə latviyalı liderlərin gündəlik şərhlərini ictimaiyyətə təqdim edir.
    Xocalı soyqırımı ilə bağlı “RīgaTV 24” kanalında nümayiş etdirilən filmin video yazısı Latviyada ən son xəbərlər, kəskin siyasi müzakirələr, maraqlı əyləncə və idman proqramlarını bir araya gətirərək təkrar nümayiş etdirən və ölkədə əsasən xəbər proqramlarının təkrar izləyiciləri arasında tanınmış “XTV.LV” video-xəbər platformasında yerləşdirilib:
    https://xtv.lv/rigatv24/video/mKrpYPqvG0W-hodzali_genocids