LAÇINDA XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILIB

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri fevralın 24-də Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi “Ağoğlan” monastırını ziyarət ediblər.

Alban-udi xristian dini icmasının sədri Robert Mobilinin də iştirak etdiyi anım mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb, ayin icra olunub, şam yandırılıb.

Qeyd edək ki, erməni vandalizminin qurbanı olan abidələrimizdən biri də “Ağoğlan” monastırıdır. Bu monastır Ağoğlan çayının sahilində, Laçın şəhərinə yaxın ərazidə yerləşir və V-VI əsrlərə aid bazilikadır.

VII əsrdə ərəb istilasının başlanmasınadək Laçın ərazisi Alban dövlətinin tərkibində olub. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb.

Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra burada Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələr erməni vandalizmi nəticəsində yerlə-yeksan edildi. Azərbaycanın qədim türk boylarına, həmçinin Alban dövlətinə aid abidələri dağıdıldı. Alban kilsələri ciddi saxtakarlıqlara məruz qalaraq erməni kilsələrinə çevrildi. “Ağoğlan” monastırı da belə saxtakarlığa uğradı. Ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşu və interyerinə qeyri-qanuni olaraq dəyişiklik ediblər.