LAÇIN RAYONUNDA PARTLAYICI SURSATLARIN TƏHLÜKƏSİNƏ DAİR MAARİFLƏNDİRMƏ TƏLİMİ KEÇİRİLİR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) oktyabrın 24-dən Laçın rayonunda fəaliyyət göstərən Bakı Abadlıq Xidmətinin əməkdaşlarına “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” təlimləri keçir.

ANAMA-dan bildiriblər ki, mərhələli şəkildə keçirilməsi nəzərdə tutulan və ümumilikdə 700 nəfərlik heyəti əhatə edəcək təlimlərdə artıq qurumun 120 nəfər əməkdaşı iştirak edib.

Mütəmadi olaraq keçirilən təlimlərdə əməkdaşlara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilib. Təlimçilər tərəfindən iştirakçılara nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırışlar olunub.

İşğaldan azad edilmiş bütün rayonlarda bərpa-quruculuq və infrastruktur layihələrinin icrasına cəlb olunan şəxslərə ANAMA-nın müvafiq nümayəndələri tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, müharibədən sonrakı dövrdə ANAMA-nın partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri ölkə üzrə 348 min 925 vətəndaşı əhatə edib. Dövlət qurumları və özəl müəssisələrin mütəxəssisləri üçün “Təlimçilərin təlimi” ürzə maarifləndirmə proqramı da davam etməkdədir.

Son günlərdə davamlı olaraq baş verən mina hadisələri səbəbindən Agentlik, bir daha vətəndaşlara verilən təlimatlara əsasən məsuliyyətli davranıb həm özünü, həm də yaxınlarını baş verə biləcək bədbəxt hadisələrdən qorumağa, bununla da aparılan minatəmizləmə fəaliyyətinə müsbət töhfəsini verməyə çağırır.