LAÇIN RAYON MƏRKƏZİNDƏ, ZABUX VƏ SUS KƏNDLƏRİNDƏ TİBBİ XİDMƏT YENİDƏN TƏŞKİL EDİLƏCƏK

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhəri, Zabux və Sus kəndlərinə səfər edib.
TƏBİB-in rəsmi “Facebook” səhifəsində bildirir ki, nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və Səhiyyə Nazirliyinin Əsaslı Təmir-Tikinti İdarəsinin rəisi Elşad Hacıyevın iştirak etdiyi səfərin əsas məqsədi həmin ərazilərdə tibbi xidmətin yenidən təşkil edilməsi istiqamətində mövcud imkanların yerində qiymətləndirilməsindən ibarət olub.
Qeyd edək ki, ərazi üzrə fəaliyyət göstərilməsi nəzərdə tutulan tibb müəssisələrinin yeri, tibbi xidmətdən yararlanması nəzərdə tutulan əhali sayı və digər zəruri məlumatlar dəqiqləşdirildikdən sonra tədbirlər planına uyğun olaraq işə başlanılacaq.