LA GAZETTE: QARABAĞIN DİRÇƏLİŞİ AZƏRBAYCANIN GÜNDƏMİNDƏ OLAN ƏSAS MƏSƏLƏDİR

Fransanın La Gazette onlayn qəzetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və keçmiş məcburi köçkünlərin qayıdış prosesi barədə məqalə dərc olunub.

“Hazırda Azərbaycanın Qarabağ İqtisadi rayonunda yerləşən Füzuli Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərinin reabilitasiyası və yenidən qurulması üzrə hərtərəfli təşəbüsünün ən mühüm tərkib hissəsi olaraq canlanma dövrünü yaşayır. Füzulinin Baş planı əsaslı şəkildə hazırlanıb. Plana əsasən, 2040-cı ilədək 50 min nəfər əhalinin yerləşdirilməsi məqsədilə Füzuli şəhərinin sahəsi 1936 hektar olmalıdır”, – məqalədə deyilir.

Müəlliflər bazar ertəsi məcburi köçkün olan daha bir qrup azərbaycanlının işğaldan azad edilmiş Füzuli rayonuna qayıtdığını qeyd edirlər. Ümumilikdə müvəqqəti olaraq yataqxana, sanatoriya, pioner düşərgələri, yarımçıq tikililər və inzibati binalarda yaşayan 22 ailə olmaqla, 94 nəfər artıq Füzulidə yeni tikilmiş evlərinə köçüblər.

Bundan başqa, 18 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev rayonda “ağıllı kənd” təşəbbüsünü başladıb. Layihəyə “ağıllı idarəetmə” sistemi ilə yanaşı, “yaşıl” və alternativ enerji mənbələri daxildir. Plan ilkin olaraq 450 evin inşa olunmasını nəzərdə tutur, kənd isə “ağıllı ferma” ilə əhatə olunacaq.

Daha sonra məqalədə qeyd olunur ki, 26 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla işğaldan yeni azad olunmuş Azərbaycan torpaqlarında ilk tam yeni aerodrom olan Füzuli hava limanının təntənəli açılış mərasimində iştirak edib. Hava limanının uzunluğu 3000, eni isə 60 metr olan uçuş-enmə zolağı iri yük təyyarələrindən kiçik reaktiv təyyarələrədək müxtəlif növ hava gəmilərinin yerləşdirilməsi üçün nəzərdə tutulub.

Həmçinin, məqalədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan hökuməti tərəfindən Füzulidə orta məktəbin inşasından bəhs olunur. 906 şagird yerlik məktəbin təntənəli açılışı bu ilin avqust ayında baş tutub.