KÜVEYT PORTALI ƏRƏB TURİSTLƏRƏ AZƏRBAYCANIN GÖRMƏLİ YERLƏRİNİ TƏQDİM EDİB

Küveytin “q8.press” portalında ərəb ölkələrindən olan potensial turistlərə Azərbaycanın paytaxtı Bakı, həmçinin Gəncə, Şəki və Qəbələ şəhərlərinin görməli yerləri haqqında məlumat və fotoşəkillərlə zəngin geniş məqalə dərc edilib.

Məqalədə paytaxt Bakının görməli yerləri, qədim və müasir memarlıq abidələri, geniş və yaraşıqlı küçələri barədə məlumat verilib. Müəllif diqqətə çatdırıb ki, Küveyt və digər ərəb ölkələrindən olan turistlər Xəzər dənizinin, Bakı bulvarı və mərkəzi küçələrin gözəlliyinə valeh olurlar.

Məqalədə İpək yolu karvanlarının kəsişmə nöqtəsində olan qədim Şəkinin füsunkar təbiəti, zəngin mədəni irsi, ləziz mətbəxi haqqında da məlumat verilib. Yazıda Şəki Xan Sarayı, “Yuxarı Karvansaray” memarlıq kompleksi, “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğundan da bəhs olunub.

Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncənin tarixi abidələrindən bəhs edən müəllif qeyd edib ki, bu şəhərin yaxınlığında yerləşən Göygöl gölü ərəb turistlərin ən çox bəyəndiyi məkandır. Eyni zamanda, Gəncədə çoxlu qədim İslam abidələri və məscidlər də diqqəti cəlb edir.

Məqalənin Qəbələ şəhərindən bəh edilən hissəsində bu şəhərin yaraşıqlı və komfortlu otelləri, tarix-memarlıq abidələri, füsunkar təbiəti barədə məlumat verilir. Müəllif diqqətə çatdırıb ki, ərəb turistlər burada keçirilən müxtəlif musiqi festivalları, sərgilər və əyləncəli tədbirlərdə iştirak edə bilər.