KÜLƏKLİ HAVA ŞƏRAİTİ AVQUSTUN 29-U GÜNDÜZƏDƏK DAVAM EDƏCƏK – PROQNOZ

Azərbaycanda avqustun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı ehtimal edilir.

Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.