KÜLƏK ELEKTRİK STANSİYASININ TİKİNTİSİ ÜÇÜN AZƏRBAYCAN HÖKUMƏTİ ADINDAN İMZALANMIŞ MÜQAVİLƏ TƏSDİQLƏNDİ

Prezident İlham Əliyev Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikası Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 dekabr tarixli 2366 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alınır:

  • Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2020-ci il dekabrın 29-da imzalanmış “Azərbaycan Respublikası Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilsin.
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən müqavilənin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
  • Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.