Kuba Prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan boksçusu Alfonso Dominqesin “Paris-2024” Yay Olimpiya Oyunlarında ilk qələbəsindən sonra verdiyi müsahibəyə münasibət bildirib.
Azərbaycan Boks Federasiyasından bildiriblər ki, o, bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
Kuba Prezidenti qeyd edib ki, boksçuları Xulio Sesar La Krus üzərində xal hesabı ilə qalib gələn Alfonsonun açıqlaması dürüst, ləyaqətli və təsiredicidir: “Onu yetişdirən vətəninə hörmətlə yanaşması təqdirəlayiqdir. Kuba onun qələbəsinə sevinir, baxmayaraq ki, qardaş Azərbaycanı təmsil edir”.
Qeyd edək ki, Alfonso Dominqes ikiqat Olimpiya çempionunu 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.