KREMLİN ERMƏNİSTANA “YUMŞAQ GÜC” OYUNU: QOPMAQ ÇƏTİNDİR

Dünən Kremlin mətbuat xidməti qısa, lakin bir o qədər də məna yüklü bir məlumat yaydı: Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib, onu 50 illik yubileyi münasibətilə təbrik edib və tərəflər “ikitərəfli və regional məsələləri” müzakirə ediblər. Bu xəbər ilk baxışda diplomatik etiketin təzahürü kimi görünə bilər. Lakin əslində, arxa planda geosiyasi manevrlərin, təsir dairələrinin qorunması uğrunda Moskvanın göstərdiyi səylər qərarlaşıb. Halbuki Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Ermənistanda Kremlin ənənəvi təsir dairəsini daraltmağa yönəlmiş addımlar atdı. Ermənistan-Rusiya münasibətlərində yaranan soyuqluq, İrəvanın Qərbə inteqrasiya cəhdləri, NATO və Avropa İttifaqı ilə yaxınlaşma səyləri, xüsusilə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) açıq şəkildə tənqid etməsi Moskvanı çox qəzəbləndirdi.

O vaxtdan Paşinyan tez-tez “suverenlik”, “müstəqil xarici siyasət” kimi ifadələr səsləndirir. Ermənistanın Avropa İttifaqı ilə təhlükəsizlik əməkdaşlığını genişləndirməsi, ABŞ ilə hərbi təlimlər keçirməsi və Rusiyanın dominant olduğu təşkilatlara etimadsızlıq nümayiş etdirməsi isə Paşinyanı Moskvanın gözündə təhlükəli bir oyunçuya çevirib. Qeyd etməliyik ki, Moskva uzun illər ərzində regiondakı müttəfiqlərinə qarşı sərt və bəzən təhqiramiz ritorika ilə tanınıb. Lakin Ermənistan məsələsində bu qayda pozulub. Nikol Paşinyan Kremlin regional maraqlarına qarşı açıq mövqe sərgiləsə də, Rusiya hələ də onu güzəştə getməyə sövq etmək üçün “yumşaq güc” alətlərinə müraciət edir. Ona görə də Putinin son zəngi və təbriki sırf diplomatik etiketi qorumaq deyil, eyni zamanda Ermənistanın rəhbərliyinə yönəlmiş açıq bir “yarınma jestidir”. Kremlin bu addımı Paşinyanı “yenidən orbitə qaytarmaq” cəhdinin bir hissəsi kimi qiymətləndirilə bilər. Moskva anlayır ki, sərt təzyiqlə Paşinyanı və onun komandası Qərbə daha da yaxınlaşdıra bilər. Ona görə də yumşaq mesajlar, şəxsi münasibətlərə vurğu, “ənənəvi dostluq” ritorikası önə çəkilir.

Paşinyanın apardığı Qərbyönümlü siyasətə baxmayaraq, Ermənistan hələ də real şəkildə Rusiyanın təsirindən tam çıxmayıb. Ölkənin enerji infrastrukturu, iqtisadi sektoru, regional təhlükəsizliyi Rusiya ilə əlaqəli faktorlardan asılıdır. KTMT-nin passivliyinə baxmayaraq, Ermənistan hələ də ondan çıxmaq barədə rəsmi qərar verməyib. Eyni zamanda, Rusiyada yaşayan böyük erməni diasporu və iqtisadi miqrant axını İrəvanı Moskva ilə münasibətlərdə ehtiyatlı davranmağa sövq edir. Bu baxımdan Putin Paşinyanı təbrik etməklə təkcə protokol yerinə yetirmir, həm də İrəvana siqnal göndərir ki, Rusiya Ermənistandan əl çəkmək fikrində deyil. Çünki Ermənistanın Qərbə yönəlməsi Moskvanın Cənubi Qafqazda dominant güc kimi qalmaq istəyinə ziddir. Rusiya artıq Azərbaycan üzərində təsirə malik deyil, Gürcüstanla diplomatik münasibətlər 2008-ci ildən bəri pozulub. Yeganə müttəfiq Ermənistan da əldən çıxarsa, bu, Kremlin regiondakı geosiyasi iflası olacaq. Məhz buna görə də Putin bu dəfə səsini yumşaldır, tərif və təbriklərlə Paşinyana jest edir. Bu isə klassik rus diplomatiyasının yeni üslubudur.

Ermənistan Rusiya orbitindən çıxmaq, Qərblə daha dərin inteqrasiya qurmaq istəyir. Lakin bu yol asan deyil. Ermənistanın coğrafiyası, iqtisadi asılılığı və təhlükəsizlik reallıqları Paşinyanı istər-istəməz Moskvanın təsirindən uzaqlaşmaqda ehtiyatlı olmağa məcbur edir.

MTM Analitik Qrup