KREML TƏRƏFLƏRİ QARABAĞA DAİR ÜÇTƏRƏFLİ SAZİŞLƏRİ YERİNƏ YETİRMƏYƏ ÇAĞIRIR

Kreml Qarabağda vəziyyətin kəskinləşməsinə görə narahatdır və tərəfləri üçtərəfli sazişləri yerinə yetirməyə çağırır.

Bunu jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Kremlin rəsmi nümayəndəsi deyib: “Biz vəziyyəti çox diqqətlə müşahidə edirik. Təbii ki, vəziyyətin kəskinləşməsi ilə əlaqədar narahatıq. Tərəfləri təmkinli olmağa, ən başlıcası, məlum üçtərəfli sənədlərin bütün müddəalarını yerinə yetirməyə çağırırıq”.

D.Peskov “əsas çıxış nöqtəsi” olan üçtərəfli sənədlərin bəndlərinin yerinə yetirilməsinin vacibliyinə diqqəti cəlb edib. O deyib: “Başlıcası tərəflərin həmin sənədlər üzrə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsidir. Əgər suallar varsa, şübhəsiz, onlara cavab vermək lazımdır”.

Dmitri Peskov onu da istisna etməyib ki, RF Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də aparılacaq danışıqlar zamanı Qarabağda vəziyyətin gərginləşməsi barədə fikir mübadiləsi aparacaqlar. Kremlin nümayəndəsi deyib: “Bunu istisna etmək olmaz ki, vəziyyətin belə gərginləşməsi ilə əlaqədar prezidentlər fikir mübadiləsi aparacaqlar”.