KREML AZƏRBAYCANIN ARTAN MÜSTƏQİLLİYİNDƏN NARAHATDIR

Son günlər Rusiyada Azərbaycan əsilli iş adamlarının, diaspor fəallarının və ictimaiyyət nümayəndələrinin müxtəlif bəhanələrlə saxlanması və onlara qarşı kriminal ittihamların irəli sürülməsi artıq təkcə hüquqi məsələ deyil, Moskvanın siyasi təzyiq alətinə çevrilib. Bu hallar ikitərəfli münasibətlərdə uzun illər yığılıb qalmış etimadsızlıq mühitinin kəskin şəkildə üzə çıxması kimi dəyərləndirilməlidir. Əlbəttə ki, Rusiyanın bu davranışlarını təsadüfi “cinayətkarlıqla mübarizə” əməliyyatları kimi qiymətləndirmək sadəlövhlük olardı. Əksinə, bunlar məqsədyönlü və düşünülmüş addımlardır. Onların əsas məqsədi Bakının artan müstəqilliyini cilovlamaq, regionda Kremlin maraqlarına tabe olmayan siyasəti cəzalandırmaqdır.

Bəs Moskva konkret olaraq Azərbaycandan nə istəyir? Çox güman ki, Kreml Qarabağ məsələsində Rusiyanın “qoruyucu” statusunun bərpasına çalışır. Azərbaycan ordusunun 2020-ci ildə torpaqlarının böyük hissəsini işğaldan azad etməsi və daha sonra 2023-cü ilin sentyabrında Qarabağda separatçı rejimin varlığına son qoyması Kreml üçün böyük geosiyasi məğlubiyyət idi. Çünki Rusiya onillər boyu münaqişəni idarə edərək bölgədə öz hərbi mövcudluğunu legitimləşdirmişdi. Azərbaycan bu status-kvonu dağıtdı və öz ərazi bütövlüyünü bərpa etdi. Lakin Rusiya bunu həzm edə bilmir və Bakıya müxtəlif təzyiq siqnalları göndərir. Diaspor nümayəndələrinə, azərbaycanlı iş adamlarına qarşı həbslər də bu qisasçılıq siyasətinin təzahürlərindən biridir. Bu yolla Moskva həm ictimai rəy vasitəsilə Bakını təzyiq altında saxlamağa, həm də Azərbaycan cəmiyyətində qorxu yaratmağa çalışır.

Digər tərəfdən son dövrlərdə Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq üçün cəsarətli diplomatik addımlar atır. Moskva isə İrəvan üzərində təsirini sürətlə itirir və bu prosesdə Bakı ilə İrəvanın razılığa gəlməsi Kremlin Cənubi Qafqazdakı rolu üçün ölümcül zərbədir. Azərbaycan və Ermənistan liderlərinin birbaşa danışıqları Rusiyanı öz mövqelərini itirmək qorxusuna salıb. Diaspor və biznes sektoruna zərbə vurmaqla Kreml Bakını Ermənistan mövzusunda güzəştlərə məcbur etmək istəyir.

Onu da qeyd edək ki, Azərbaycan son illərdə Orta Dəhliz – Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat xəttini strateji prioritet elan edib. Bu dəhliz Rusiyanı enerji və tranzit inhisarından məhrum edir. Azərbaycanın sürətlə Avropa bazarlarına inteqrasiyası və Rusiyanın nəqliyyat monopoliyasına alternativ yaratması Moskvanın iqtisadi maraqlarına ağır zərbə vurur. Rusiyadakı azərbaycanlı iş adamlarının biznes imperiyalarını iflic etmək həm də bu istiqamətdə Bakını cəzalandırmaq və hədələmək deməkdir. Rusiyanın bu cür repressiv metodlara əl atması bir tərəfdən öz zəifliyinin göstəricisidir. Moskva nə Qarabağ siyasətini bərpa edə bilir, nə Ermənistanı nəzarətdə saxlaya bilir, nə də Azərbaycanın iqtisadi suverenliyini poza bilir. Gücsüzlük isə Kremlin hər zaman ənənəvi “çirkli alətlər dəstini” işə salmasına gətirib çıxarır: yalan ittihamlar, qondarma cinayət işləri, media linçi, reputasiya savaşı.

Bu gün Rusiyada saxlanılan Azərbaycan vətəndaşlarının əksəriyyəti real olaraq siyasi girovdur. Onların bir qismi uğurlu diaspor fəaliyyətləri və Azərbaycan dövləti ilə əməkdaşlığı ilə seçilən şəxslərdir. Digərləri isə Rusiyanın iqtisadi həyatında mühüm rola malik iri iş adamlarıdır. Kremlin ritorikası və praktiki addımları açıq şəkildə göstərir ki, məqsəd real cinayətkarlıqla mübarizə deyil, Bakını zəiflətmək və qorxu yaratmaqdır. Bu, həm də onu göstərir ki, Moskva ilə əməkdaşlıq heç zaman bərabərhüquqlu tərəfdaşlıq anlamına gəlmir. Rusiyanın istənilən “dostluğu” zəruri anda şantaj, təzyiq və siyasi alver alətinə çevrilə bilər.

MTM Analitik Qrup