
Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyənin xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Sonsuz qardaşlıq – IV” çoxmillətli təlimi regional və qlobal düzənə mesaj verən strateji hadisədir. Belə ki, təlimin miqyası, iştirakçı ölkələrin seçimi və icra olunan ssenarilər bölgədə güc balansı, təhlükəsizlik arxitekturası və gələcək əməkdaşlıq perspektivləri baxımından mühüm məqamları ortaya qoyur. Təlimin özəyində xüsusi təyinatlı qüvvələrin koordinasiya imkanlarını artırmaq dayanır. Atəş dəqiqliyi, paraşütlə eniş, snayper hazırlığı, zirehli texnika və pilotsuz uçuş aparatlarının (PUA) koordinasiyalı istifadəsi, həmçinin yaşayış məntəqələrinin düşməndən təmizlənməsi üzrə ssenarilər XXI əsrin asimmetrik müharibə reallıqlarına cavab verir. Bu, yalnız klassik döyüş bacarıqlarının yox, həm də hibrid müharibə elementlərinə qarşı hazırlığın təkmilləşdirilməsini göstərir. Məsələn, yaşayış məntəqəsinin azad edilməsi epizodu şəhər müharibələrinin aktuallaşdığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Digər tərərdən altı ölkənin birlikdə hərəkət etməsi regionda yeni siyasi-hərbi xəritəni xatırladır. Azərbaycan və Türkiyə Qafqazda və Orta Şərqdə hərbi-siyasi tandem rolunu daha da möhkəmləndirirlər. Qazaxıstan və Özbəkistan Mərkəzi Asiyanın nüfuzlu dövlətləri olaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik əməkdaşlığını dərinləşdirirlər. Pakistan həm İslam dünyasında, həm də Cənubi Asiyada strateji oyunçudur. Bu isə onun Azərbaycan və Türkiyə ilə möhkəmlənən hərbi əməkdaşlığını yeni mərhələyə daşıyır. Qətər körfəz ölkələri arasında Türkiyə ilə ən sıx hərbi-strateji əlaqələrə malikdir. Ona görə də bu təlim Körfəz–Qafqaz–Mərkəzi Asiya üçbucağında yeni koordinasiya xəttinin formalaşdığını göstərir. Bununla təlim iştirakçıları faktiki olaraq Türk Dövlətləri Təşkilatı üstəgəl islam dünyasının strateji tərəfdaşları modelini ortaya qoyurlar.
Təlimin region üçün əhəmiyyətinə gəlincə, qeyd etməliyik ki, 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə hərbi lider mövqeyini gücləndirir. Bu təlim Bakının regional təhlükəsizlik mərkəzinə çevrildiyini göstərir. Qazaxıstan və Özbəkistanın iştirakı həm siyasi, həm də praktiki baxımdan önəmlidir. Bu, artıq Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının institusional əsaslarının qoyulduğuna işarədir. Pakistan və Qətərin təlimə qoşulması ilə Qərbdən asılı olmayan çoxqütblü təhlükəsizlik mexanizminin qurulduğu diqqəti cəlb edir. Bu baxımdan təlimi sadəcə regional hadisə kimi qiymətləndirmək düzgün olmaz. Çünki onun geosiyasi çalarları da var. Belə ki, Qazaxıstan və Özbəkistanın Rusiya ilə kollektiv təhlükəsizlik mexanizmlərinə (KTMT) bağlılığı məlumdur. Amma bu ölkələrin Azərbaycan və Türkiyə ilə çoxmillətli formatda iştirak etməsi Moskvanın regiondakı dominantlığının zəiflədiyini göstərir. NATO üzvü olan Türkiyənin belə təlimlərdə fəal iştirakı Qərbə də mesajdır. Ankara öz müttəfiqləri ilə yanaşı, müstəqil təhlükəsizlik platformaları yarada bilir. Təlimin Bakıda keçirilməsi İran üçün də ciddi siqnaldır. Çünki həm Pakistan, həm də Qətərin iştirakı ilə bu format Tehranın təsir dairəsini daraldır.
“Sonsuz qardaşlıq – IV” göstərir ki, iştirakçı dövlətlər sadəcə taktiki deyil, strateji əməkdaşlığa gedirlər. Bu təlimlər gələcəkdə Türk Dövlətləri Təşkilatının hərbi qanadının formalaşmasına zəmin yarada, Körfəz–Cənubi Qafqaz–Orta Asiya təhlükəsizlik xətti üzrə daimi platformaya çevrilə, İslam dünyasında yeni güc mərkəzinin əsaslarını qoya bilər. Bu isə gələcəkdə Qafqazdan Orta Asiyaya, oradan isə Körfəz bölgəsinə uzanan yeni təhlükəsizlik dəhlizinin formalaşmasına gətirib çıxara bilər.
MTM Analitik Qrup