
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, sovet idarəetmə sistemindən tamamilə ayrılıb, müstəqil dövlət kimi formalaşmaq üçün yeni hüquqi baza yaratmağa məcbur idi. Yeni konstitusiya həmin dövrün mürəkkəb siyasi reallıqlarında ölkənin gələcək inkişafını təmin edən əsas dayağa çevrildi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycanın ilk konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi, siyasi və mənəvi əsaslarını müəyyənləşdirdi. Bununla yanaşı, azərbaycançılıq ideyasının, milli iradənin və dövlət suverenliyinin yazılı ifadəsi kimi tarixə düşdü. Bu sənəd Ulu öndər Heydər Əliyevin Azərbaycanda qanunçuluğun təmin olunması, müstəqil ölkənin müasir dünya təcrübəsinə əsaslanan yeni qanunvericilik bazasının yaradılması ilə bağlı gərgin fəaliyyətinin nəticəsi idi. Heydər Əliyev yeni konstitusiyaya cəmiyyətin, ziyalıların münasibətini öyrənmək üçün dəfələrlə xüsusi toplantılar, müzakirələr təşkil etdi. O, deyirdi ki, “Azərbaycan xalqı əsrlər boyu böyük mərhələlərdən keçib, nəhayət, milli azadlığına nail olub. İlk dəfərdir ki, müstəqil şəkildə öz konstitusiyasını yaradır”.
Konstitusiyanın preambulasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq” məqsədinin xüsusi vurğulanması təsadüfi deyildi. 1990-cı illərin əvvəllərində torpaqlarımızın bir hissəsi işğal altında idi və bu, milli iradənin sınandığı dövr idi. Buna görə də yeni Konstitusiya yalnız vətəndaş hüquqlarını müəyyənləşdirən sənəd deyil, həm də azadlıq uğrunda mübarizənin hüquqi manifesti idi.
Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsi dövlətin ərazi bütövlüyünün pozulmaz olduğunu təsbit edir. Bu norma yalnız hüquqi prinsip deyil, həm də siyasi iradə bəyanıdır. Məhz bu maddə sonrakı illərdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin dayağı oldu. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatı ilə Azərbaycan bu konstitusion prinsipin praktik icrasını təmin etdi. Bu baxımdan, Qarabağın işğaldan azad edilməsi Azərbaycan Konstitusiyasının ruhunun reallıqda bərpa olunması demək idi.
Konstitusiyanın 7-ci maddəsinə əsasən, Azərbaycan dövləti “demokratik, hüquqi, dünyəvi, unitar respublika”dır. Bu model idarəetmə forması həm milli ənənələrə, həm də müasir siyasi standartlara uyğunlaşdırılıb. Müstəqilliyin ilk illərindəki siyasi qeyri-sabitlikdən sonra bu maddə ölkədə konstitusion sabitliyin bərpasını təmin etdi. Bir daha təsdiqlədi ki, dövlətin ali hakimiyyətinin mənbəyi xalqdır. Xalqın iradəsi seçkilər, referendumlar və dövlət orqanlarının formalaşdırılması yolu ilə ifadə olunur. Bu sistemin işləkliyini təmin edən əsas mexanizm isə konstitusiyadır.
Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının təmininə dair müasir Avropa standartlarını özündə ehtiva edir. 1995-ci il Konstitusiyası postsovet məkanında insan hüquqlarını ayrıca fəsildə geniş şəkildə əks etdirən ilk sənədlərdən biridir. Sonrakı illərdə qəbul edilən qanunlar və beynəlxalq müqavilələrin ratifikasiyası bu hüquqi baza üzərində quruldu. 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində Konstitusiyada müasir idarəetmə modelinə uyğun dəyişikliklər edildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində bu gün Azərbaycan regionda suveren, güclü siyasi iradəyə malik müstəqil dövlət kimi tanınır. Bu həm də Azərbaycan konstitusiyasının təsdiqlənmiş gücüdür. Təsadüfi deyil ki, bu gün müstəqil Azərbaycanın qarşısında duran əsas məqsəd azad edilmiş torpaqlarda hüquqi və inzibati idarəetmə sisteminin tam qurulmasıdır. Bu, həm də Konstitusiyanın real həyata tətbiqinin yeni mərhələsidir. Digər mühüm məsələ ondan ibarətdir ki, artıq beynəlxalq hüquqda Azərbaycan modeli, yəni ərazi bütövlüyünü təmin etmiş dövlət nümunəsi yeni hüquqi presedent kimi qəbul edilir. Daha geniş mənada Azərbaycan Konstitusiyası dövlətin ruhunu, xalqın iradəsini və müstəqilliyin mənəvi dayaqlarını ifadə edir. O, təkcə hüquqi sənəd deyil, həm də xalqımızın azadlıq idealının simvoludur. Ərazi bütövlüyünün bərpası bu sənədin prinsiplərinin reallaşması, dövlət suverenliyinin isə əbədi təminatı deməkdir.
MTM Analitik Qrup
