KOLUMBİYA SENATI AZƏRBAYCANIN ZƏFƏR GÜNÜ İLƏ ƏLAQƏDAR BƏYANAT QƏBUL EDİB

Kolumbiya Senatının Xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 30 illiyi və Vətən müharibəsindəki qələbəmizin ilk ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, sənəddə sözügedən əlamətdar günlərlə əlaqədar “qardaş Azərbaycan xalqına” təbriklər çatdılır, Azərbaycanın bundan sonra da çiçəklənmə yolu ilə irəliləyəcəyi və Kolumbiyanın xalqlarımızın rifahı naminə tərəfdaşı Azərbaycanla əməkdaşlığı davam etdirəcəyinə əminlik ifadə olunur.

Sonra ötən il Vətən müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpa edilməsi, bu yolla BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra edilməsi və Qafqazda sülhün bərqərar olunması alqışlanır.

Bəyanatda həmçinin məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə evlərinə qayıdışının təşkili məqsədilə Azərbaycanın azad edilmiş ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasına, eləcə də regionda davamlı sülhün təmin edilməsinə yönəlik səyləri dəstəklənir.

Sonda vətəninin ərazi bütövlüyü uğrunda canından keçmiş soydaşlarımızla əlaqədar dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həmrəyliyi və başsağlığı diləkləri çatdırılır və qazilərimizə şəfa arzu edilir.