Kolumbiyanın ən aparıcı KİV-lərindən olan “El Pais” qəzetində bu ölkədəki səfirimiz Məmməd Talıbovla müsahibə əsasında “Azərbaycan və Kolumbiya əlaqələrini gücləndirir” başlıqlı yazı dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, yazıda 26 fevral tarixində Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş və 600-dən çox mülki insanın həyatına amansızcasına son qoymuş Xocalı soyqırımının 29-cu ildönümünü yad etdiyi bildirilir.
Qeyd olunur ki, 30 ilə yaxın bir müddətdən sonra Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını azad etməyə nail olmuş və bu nəticə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla rəsmiləşib.
Yazıda səfirə istinadən işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən tamamilə dağıdıldığı və Xirosima şəhərinin atom bombardmanından sonrakı durumunu xatırlatdığı, bu ərazilərdə Azərbaycana aid tarixi-mədəni irsin, eləcə də bütün yaşayış infrastrukturunun məhv edildiyi və hazırda Azərbaycan tərəfindən burada bərpa işlərinə başlanıldığı deyilir.
Təmsilçimizin sözlərinə istinadən, Kolumbiyanın Latın Amerikası regionunda Azərbaycanın ənənəvi tərəfdaşlarından biri olduğu, hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyət göstərdiyi bildirilir və ölkəmiz üçün olduqca vacib önəm daşıyan münaqişə məsələsində Kolumbiyanın tutduğu ədalətli mövqeyə görə minnətdarlıq ifadə olunur.