
MTM Analitik Qru
ABŞ Prezidenti Donald Trampın son bəyanatı Qərbin Ukraynaya dəstəyində yeni mərhələnin başlandığını göstərir. Tramp bildirib ki, Ukraynaya göndərilən Amerika silahlarının maliyyə yükünü artıq NATO müttəfiqləri üzərinə götürəcək. Onun sözlərinə görə, bu razılaşma ötən ay keçirilən NATO sammitində əldə olunub və ABŞ bu məsələni artıq “təkbaşına daşımaq istəmir”. Geniş analitik qiymətləndirmə göstərir ki, bu yeni mexanizm həm Ukraynanın müdafiə imkanlarını artırmaq, həm də Rusiya təzyiqlərinə qarşı Qərbin daha kollektiv və davamlı cavabını təmin etmək məqsədi daşıyır.
Ukraynaya dəstək məsələsi 2022-ci ildən indiyədək NATO daxilində əsas gündəm mövzularından biri olub. İndiyə qədər Ukraynaya edilən silah yardımlarının və maddi dəstəyin əksəriyyəti ABŞ tərəfindən maliyyələşdirilib. Lakin Trampın prezidentliyə qayıdışı və onun “Əvvəlcə Amerika” şüarının yenidən fəallaşması bu xərc yükünün daha ədalətli paylaşılması ideyasını gündəmə gətirib. Yeni mexanizmə görə ABŞ silah və texnologiyanı təmin etməyə davam edəcək, lakin bu yardımların maliyyə hissəsi NATO ölkələri arasında bölüşdürüləcək. Digər tərəfdən müttəfiqlər öz ÜDM-lərinin müəyyən faizini bu fonda yönləndirəcək, yardım mexanizmi daha şəffaf və hesabatlı olacaq, sui-istifadə hallarının qarşısı alınacaq.
Qeyd edək ki, Ukraynanın müharibədəki mövqeyi son aylarda xeyli zəifləyib. Cəbhə xəttində Rusiya tərəfi müəyyən əraziləri geri alıb və Qərb silahlarının çatışmazlığı hiss olunur. Yeni mexanizm isə bu mənzərəni dəyişmək potensialına malikdir. Belə ki, yardımın təkcə ABŞ-yə deyil, kollektiv NATO mexanizminə bağlanması onun ardıcıl olmasını təmin edəcək. Almaniya, Fransa, Polşa və Baltik ölkələrinin iştirakı sayəsində Ukraynaya daha çox texnika və hava hücumundan müdafiə sistemləri göndəriləcək. Bu mexanizm Rusiyaya Qərbin Ukraynadan vaz keçməyəcəyi mesajını verir. NATO daxilində konsolidasiya Ukraynanın mənəvi dayanıqlığını da artıracaq.
Nəzərə almalıyıq ki, Rusiyanın təzyiqləri təkcə Ukrayna ilə müharibə sahəsində deyil, həm də enerji, dezinformasiya və diplomatik təcrid alətləri ilə aparılır. NATO-nun bu yeni təşəbbüsü Rusiyanın ümid etdiyi “Qərbin yorulması” strategiyasını sarsıda bilər. Belə ki, yeni mexanizm NATO daxilində məsuliyyətin paylaşılması ilə birliyə dəstək verir. Rusiya lideri Qərbin zamanla Ukraynanı tək qoyacağını düşünürdü. Lakin bu qərar onun planlarını pozur. NATO-nun bu qərarı Rusiya tərəfindən Moldova, Baltikyanı ölkələr və Qafqazda da yeni təzyiq alətləri yaratmaq planlarını çətinləşdirə bilər. Lakin bu mexanizmin uğuru müəyyən şərtlərlə bağlıdır. Birincisi, bəzi NATO ölkələrində sağçı populist qüvvələr Ukraynaya yardıma qarşı çıxır. Bu, yardım fonduna ödənişləri ləngidə bilər. Digər tərəfdən fərqli ölkələrin silah sistemlərinin uyğunlaşdırılması və Ukrayna ordusunun onları istifadəyə hazırlığı əlavə vaxt və resurs tələb edəcək. Trampın siyasəti dəyişsə və ya ABŞ Konqresi bu fonda etiraz etsə, sistemin sabitliyi risk altına düşə bilər. Bir sözlə, Trampın təşəbbüsü ilə formalaşan Ukraynaya yardımın yeni maliyyə mexanizmi NATO-nun kollektiv gücünün daha effektiv şəkildə səfərbər olunmasına xidmət edir. Bu yanaşma təkcə ABŞ-nin yükünü azaltmır, həm də Ukraynanın müdafiəsini sabit və uzunmüddətli dəstəyə çevirir. Əgər bu mexanizm uğurla tətbiq olunsa, Rusiya qarşısında Qərbin mövqeyi daha güclənəcək və bu, müharibənin dönüş nöqtəsinə çevrilə bilər. Lakin bunun üçün NATO daxilində həm siyasi iradə olmalı, həm də güclü ictimai dəstək təşkil edilməlidir.
MTM Analitik Qrup