KÖHNƏ GÜCÜN SON CƏHDİ

Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Ermənistana səfəri beynəlxalq geosiyasi mənzərənin durmadan dəyişdiyi Cənubi Qafqazda Moskvanın “hələ də buradayam” mesajı kimi dəyərləndirilə bilər. Digər tərəfdən bu səfər Ermənistanın son illərdə Qərblə yaxınlaşma siyasətini gücləndirməsinə, NATO ilə təmaslarını artırmasına və Rusiyanın rəhbərlik etdiyi KTMT-dən uzaq durmasına baxmayaraq, Moskvanın İrəvanı “tam itirmək” istəmədiyini göstərir. Hətta belə demək mümkünsə, bu səfər Kremlin Ermənistana son “xəbərdarlıq diplomatiyası” kimi də yozula bilər. Çünki Rusiya hələ də Ermənistanın tam şəkildə Qərb orbitinə daxil olmasının qarşısını almaq üçün müxtəlif təzyiq alətlərini – enerji asılılığı, təhlükəsizlik şəbəkələri və iqtisadi mexanizmləri hələ də əlində saxlayır. Lavrovun səfərdən əvvəl və səfər zamanı verdiyi açıqlamalarda Moskvanın “Ermənistanın təhlükəsizliyi Rusiya ilə əməkdaşlıqdan keçir” tezisini bir daha vurğulaması bu istiqamətdə diplomatik və psixoloji təzyiqin açıq nümunəsi idi. Lavrov sanki Ermənistan hökumətinə deyil, erməni cəmiyyətinə xitab edərək, “Qərb sizə təhlükəsizlik verməz, bizsə sizə tarixən zamin durmuşuq” mesajını verməyə çalışdı.

Lavrovun səfərində əsas diqqət çəkən məqamlardan biri də Ermənistan-Azərbaycan münasibətləri və sülh prosesi ilə bağlı açıqlamaları idi. O, sülh danışıqlarının irəliləməsini müsbət qiymətləndirsə də, “Rusiya formatının” daha effektiv və balanslı olduğunu vurğuladı. Bu, Moskvanın hələ də Brüssel və Vaşinqtonun vasitəçilik təşəbbüslərini legitim saymaqda tərəddüd etdiyini, bu proseslərdə özü olmadan atılan addımlara qarşı mövqe sərgilədiyini göstərdi. Lavrovun “status məsələsi artıq gündəmdə deyil, lakin Qarabağ ermənilərinin hüquqları təmin olunmalıdır” tipli ifadələri bir tərəfdən Azərbaycanın suverenliyinə sözlə hörmət göstərsə də, digər tərəfdən “hüquq” və “təhlükəsizlik” anlayışları ilə yenidən müdaxilə imkanlarını açıq saxlayır. Bu cür ifadələr təcrübədə Rusiyanın gələcəkdə “müdaxilə haqqı” yaratmaq istəyi kimi yozula bilər.

Lavrovun İrəvanda sülh müqaviləsinin detallarına dair “hələ üzərində işləməli çox məsələ var” deməsi əslində Moskvada hazırlanmış “geosiyasi tormozlama” planının tərkib hissəsidir. Moskva sülh müqaviləsinin imzalanmasını, əgər proses onun iştirakı olmadan gedirsə, ya ləngitmək, ya da ona mane olmaq istəyir. Beləliklə, Cənubi Qafqazda Rusiyanın “qaçılmaz” olduğu fikrini aşılamağa çalışır. Çünki Rusiyada yaxşı başa düşürlər ki, Ermənistanla Azərbaycan arasında baş verən normallaşma prosesinin Moskvasız tamamlanması Kremlin regiondakı təsirinin zəifləməsi ilə nəticələnəcək. Lavrovun hər açıqlamasında bu narahatlıq hiss olunurdu. Bu səbəbdən o, “hər şeydə razılaşdılar, amma Moskva iştirak etməsə, bu sülh dayanıqlı olmayacaq” mesajını diplomatik dildə verməyə çalışdı.

Paşinyan hökumətinin Rusiyanın sülh prosesi ilə bağlı bu mövqeyini diqqətlə müşahidə etdiyi görünür. Lakin Ermənistan hələ də Rusiyadan tam qopma qərarını verə bilməyib. Bunu Lavrovun İrəvanda soyuq qarşılanmaması, lakin görüşlərin diplomatik çərçivədə keçirilməsi də sübut edir. Paşinyan həm Qərblə yaxınlaşmaq, həm də Rusiya ilə qarşıdurmadan yayınmaq siyasətini paralel yürütməyə çalışır. Bu isə uzunmüddətli strateji nəticə baxımından qeyri-müəyyənlik yaradır. Bu baxımdan Serqey Lavrovun Ermənistana səfəri Moskvanın Cənubi Qafqazda təsir imkanlarını qorumaq, Ermənistanın Qərblə inteqrasiyasını yavaşlatmaq və Ermənistan-Azərbaycan sülh prosesini nəzarətdə saxlamaq cəhdidir. Lavrovun açıq və gizli mesajları Kremlin özünü prosesin qaçılmaz oyunçusu kimi saxlamaq istədiyini göstərir. Lakin Ermənistan və Azərbaycan arasında Rusiya olmadan davam edən danışıqlar göstərir ki, region xalqları artıq yeni reallıqları qəbul etməyə başlayıb. Lavrovun səfəri bu reallığın qarşısında dayanan köhnə gücün son cəhdlərindən biri kimi görünürdü.

MTM Analitik Qrup