
Gələn ilin iyun ayında Ermənistanda keçirləcək parlament seçkiləri artıq indidən bu ölkənin ictimai-siyasi həyatında yeni gərginliyə, müxtəlif qüvvələr arasında ziddiyyətlərin dərinləşməsinə səbəb olub. Müxalif düşərgədə yer alanların böyük əksəriyyəti indiki hakimiyyətin məhz həmin seçkilərdə əvəzlənməsini özləri üçün sonuncu imkan adlandırılar. Bu, əsas etibarı ilə də Ermənistanda “Qarabağ klanı” kimi tanınan qüvvələrə, o cümlədən onlara rəhbərliyi davam etdirən Robert Köçəryan-Serj Sarkisyan cütlüyünə aiddir. Bəzi kənar qüvvələrdən yardım alan belə qüvvələrin Ermənistanın öz daxilində dəstəyi yoxdur.
Ermənistan cəmiyyəti həmin qüvvələrin hakimiyyətdə olduğu dönəmdə üzləşdiyi çoxsaylı problemləri unutmayıb. Eyni zamanda məhz bu qüvvələr Azərbaycanla müharibənin bitməsinə imkan verməyərək, bundan hakimiyyətdə qalmaq üçün faydalanıblar, cəmiyyəti daim qorxu içində saxlayıblar. İndi də onların revanşist mövqedən çıxış etmələri erməni cəmiyyətində böyük əksəriyyətin bu qüvvələrə artıq təkcə etimadsızlıq yox, həm də nifrət prizmasından yanaşmasına səbəb olub. Belə şəraitdə hakimiyyətə gəlmək istəyən radikal müxalifət dəstəyi daah çox ölkə kənarında axtarır.
Daha bir maraqlı məqam odur ki, bu qüvvələr sosial bazalarının zəif olmasına baxmayaraq, öz aralarında da biri-birinə düşmən kəsiliblər. Bunu Robert Köçəryan-Serj Sarkisyan cütlüyünün timsalında bir daha görmək mümkündür. Sabiq prezidentlər arasında təxminən 17 ildir davam edən fikir ayrılıqları son vaxtlarda “Nikol Paşinyanı kim hakimiyyətə gətirib?” mövzusu ətrafında yenidən qızışıb. Köçəryan Sarkisyanı bu kontekstdə tənqid edərək bildirib ki, üçüncü prezident 2018-ci ildə inqilabi vəziyyətin yaranmasının qarşısını almaq acizlik nümayiş etdirib. Bu xüsusda Köçəryan qeyd edir ki, 2018-ci ilin aprelində o, Serj Sarkisyana zəng edərək ölkədə başlanan etiraz aksiyalarına üçüncü prezidentin münasibətini soruşub: “Buna səbəb o idi ki, müxtəlif insanlar, ortaq dostlarımız mənimlə əlaqə saxlayıb deyirdilər: sən nəsə deməlisən, hər şey nəzarətdən çıxır. Zəng edib soruşdum ki, vəziyyəti necə qiymətləndirirsiniz? Çox sakit cavab verdi: problem yoxdur, hər şey nəzarətdədir. Bu, məni təəccübləndirdi və soruşdum: əminsinizmi? Yəqin sualı bir-iki dəfə təkrar etdim. Amma çox sakit cavab verdi: hər şey nəzarətdədir. Bir neçə gündən sonra istefa verdiyini bildirdi. Sizə sakitcə deyirsə ki, hər şey nəzarətdədir, hər şey yaxşıdır, mən nə etməliydim? Ondan əvvəl onunla kifayət qədər uzun müddət ünsiyyət qurmamışdım. Amma vəziyyəti nəzərə alaraq qərara gəldim ki, hər halda zəng edim. İndi düşünürəm ki, vəziyyətə yanlış qiymət verilib”. Bu açıqlamaya münasibət bildirən Sarkisyan Köçəryanı yalan danışmaqda ittiham edib. O, ilk növbədə Köçəryanın ictimai diqqəti özünə cəlb etməsi üçün belə açıqlama verdiyini istisna etmədiyini vurulayıb: “Niyə mən başqa siyasətçinin açıqlamaları ilə bağlı hər hansı fərziyyələr irəli sürməliyəm? Yəqin ki, Robert Köçəryanın mətbuat konfransı ictimaiyyət üçün nəzərdə tutulub. Ümumiyyətlə, mən şəxsi məsələləri ictimailəşdirmək fikrində deyiləm. Siz mənim ifadələrimi 10-15 ildir izləyirsiniz. Heç mənim “nəzarət altındadır” ifadəsini dediyimi eşitmisiniz? Mənin leksikonumda belə sözlər yoxdur”.
Bundan öncə isə Sarkisyan Köçəryanın tərəfdarlarını 2018-ci ildə Nikol Paşinyana kömək etməkdə də ittiham etmişdi. O, Respublikaçılar Partiyasının 35-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çəxəş zamanı bilavasitə Köçəryanın adını çəkməsə də bildirib ki, ikinci prezidentin tərəfdarları küçə etirazlarına qatılaraq Sarkisyanın istefasına səbəb olublar. Məhz bu kontekstdə də Paşinyanın sonrakı illərdə Ermənistana yaşatdıqlarında Sarkisyan Köçəryanın tərəfdarlarının da əli olduğunu deyib. Onun sözlərinə görə, həmin şəxslər indi də “çox uzaq olmayan keçmişlərini təmizləmək” məqsədilə onu 2018-ci ilin “məxməri inqilabı”nda günahlandırırlar.
Sarkisyana görə, Köçəryan və tərəfdarları onu dəstəkləsəydilər, 2018-ci ilin hakimiyyət dəyişikliyi baş tutmayacaqdı. Bununla yanaşı, Ermənistanın ikinci və üçüncü prezidentləri arasında Paşinyanın impiçmenti məsələsi ətrafında da fikir ayrılığı pik həddə çatıb. Köçəryan həm də Paşinyana seçkilərdə qalib gəlməsinin mümkünlüyünü bəyan edir: “Respublikaçılar öz müsahibələrində bu tezisi deyirlər ki, seçki yolu ilə heç bir uğur əldə etmək mümkün deyil, elə deyilmi? Mən belə düşünmürəm. Bu, fikir ayrılığıdır? Bəli, fikir ayrılığıdır, amma bu, dialoqa, bəzi məsələlərin müzakirəsinə yol açırmı? Təbii ki, yox”.
Belə vəziyyətdə baş nazir Nikol Paşinyan parlament seçkilərindən əvvəl Köçəryan-Sarkisyan cütlüyünü dəmir barmaqlıqlar arxasına göndərə bilər. Qeyd edilməlidir ki, Ermənistan Baş Prokurorluğu Köçəryanın qanunsuz əmlakının və onunla əlaqəli şəxslərin 22 daşınmaz əmlakının, 15 müxtəlif şirkətdəki payların müsadirə edilməsini tələb edir. Baş prokuror Anna Vardapetyan bununla bağlı bildirib: “İş üzrə cavabdehlər Robert və Bella Köçəryanlar, Sedrak Köçəryan və Zarui Badalyan, Levon və Siranuş Köçəryanlar, Qayane Köçəryan və Vigen Çatinyandır. Prokurorluq Ermənistanın maraqları naminə 985 milyon dram və ya 2,5 milyon dollar məbləğində istiqraz, 1,4 milyon dollardan çox məbləğdə bank əmanətləri, 4 milyon dollardan çox məbləğdə kreditlər üzrə tələb hüquqları, 8,3 milyard dram, 260 milyon rubl və təxminən 590 min avro, iki nəqliyyat vasitəsi və sairin müsadirə edilməsini tələb edir”. Qeyd edilməlidir ki, daha öncə Köçəryan bir müddət həbsə atılıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi isə Serj Sarkisyanı 3 milyon dollara yaxın rüşvət almaqda ittiham edir. Komitə işin istintaqını yekunlaşdıraraq məhkəməyə göndərib. Rəsmi açıqlamaya görə, üçüncü prezident öz qulluq mövqeyindən istifadə edərək şirkətlərdən birinin direktorunun cinayət əməllərinin həyata keçməsinə şərait yaradıb. Nəticədə həmin şirkətin səhmlərinin 100 faizi Ermənistandakı qeyri-rezident şirkətə satılıb və faktiki olaraq sövdələşməyə mane olmamaq üçün 2008-ci ildə Serj Sarkisyan xüsusilə külli miqdarda – 3 milyon dollara yaxın məbləğdə rüşvət alıb. Robert Köçəryan da bu işdə 4 il müttəhim statusunda olub. Amma sonradan Köçəryan bəyan edib ki, iş üzrə məhdudiyyət müddəti keçib və bu, ona cinayət təqibindən azad olmaq imkanı verir. Sarkisyanın vəkili Amram Makinyan qeyd edib ki, üçüncü president də bu yolla gedə bilər, çünki onun işində də iddia müddəti keçib. Üçüncü prezidentin rəhbərlik etdiyi müxalif “Şərəfim var” blokunun üzvü Tiqran Abramyan deyir ki, 2018-ci ildən sonra Sarkisyana qarşı silsilə siyasi təqiblər başlayıb və bu da onlardan biridir. Onun sözlərinə görə, 2026-cı il seçkiləri ərəfəsində Serj Sarkisyana qarşı yeni cinayət işi paketləri açılacaq. Amma hakimiyyətin deputatları sırasında yer alan Hasmik Akopyan bunlardan təəccüblənir: “Əgər bu, siyasi sifarişdirsə, Serj Sarkisyan niyə hələ də azadlıqdadır? Yeri gəlmişkən, dizel yanacağı işi üzrə Serj Sarkisyan bəraət qazansa da, prokurorluq indi həmin hökmdən məhkəməyə şikayət edir. Sabiq prezientlər narahatdırlar, hə? Deyirlər ki, bu işin nə mənası var… Yəni bir şey var, azad ölkədir, gedib bunun əksini azad sözlə sübut edə bilərlər. Təzyiq göstərməyə gəldikdə isə… təzyiqdirsə, ona qarşı asanlıqla mübarizə apara bilərlər. Bütün keçmiş problemli simalar bu gün bir şeyə görə siyasətdə qalırlar, məhkəmələrdə barələrində olan işləri siyasi sifariş adlandırsınlar”.
Qeyd olunmalıdır ki, rüşvətlə bağlı qalmaqaı iş adamı Silva Hambardzumyanın şikayəti əsasında başlanıb. 2018-ci il inqilabından sonra o, bir sıra məmurlara, o cümlədən Serj Sarkisyan və Robert Köçəryana biznesinin inkişafına və qurulmasına mane olmaması üçün külli-miqdarda pul verdiyini bəyan edib. Bununla yanaşı, Sarkisyan İrəvandakı İsakov prospekti və Yerablur yaxınlığındakı torpaqların mənimsənilməsi ilə bağlı başqa bir iş üzrə məhkəmə qarşısındadır. Robert Köçəryanın ailəsinə məxsus “Toyota-İrəvan” şirkəti də əsas müttəhimin Serj Sarkisyanın olduğu cinayət işinin mərkəzinə çevrilib. İttihama görə, Serj Sarkisyan İsakov prospekti və Yerablur panteonuna bitişik torpaq sahələrini məhz “Toyota-İrəvan” vermək üçün qanunaziddi addımlar atıb. Belə ki, dövlətə məxsus torpaq bazar dəyərindən aşağı qiymətə satılaraq Robert Köçəryanın ailəsinin əlinə keçib. Bütün bunlar hər iki sabiq prezidenti həbsə atmağa kifayət edir.
MTM Analitik Qrup