KİYEV ŞƏHƏRİNDƏ “XOCALIYA ƏDALƏT!” KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ BİLBORDLAR YERLƏŞDİRİLİB

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü ilə yerləşdirilən bilbordların məqsədi Xocalı soyqırımı haqqında yerli sakinlərini və xarici vətəndaşları məlumatlandırmaqdır. Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə – Qələbə prospekti, Qliboçitska, Siçovix Striltsa, Lesi Ukrainki küçələri, Kiyev-Borispol avtomobil magistral yolunda yerləşdirilib.

Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən “Ana fəryadı” heykəli əksini tapıb və “Xocalıya ədalət!” şüarı yazılıb.

Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər qalacaq.