
Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibə son günlərdə intensivləşib və hadisələrin gedişi göstərir ki, Moskvanın planları tükənmək bilmir. Son günlər Kiyevə edilən hücumlar, xüsusilə də hökumət binasının hədəf alınması münaqişənin yeni mərhələyə keçdiyini təsdiqləyir. Bu hadisə bir neçə mühüm geosiyasi və strateji məqamı gündəmə gətirir. Belə ki, Moskva işğal etdiyi ərazilərlə kifayətlənmək fikrində deyil. Rusiyanın ilkin mərhələdə Donetsk, Luqansk və Krım üzərində nəzarəti möhkəmləndirməklə kifayətlənəcəyi düşünülürdü. Lakin Kiyevə yönəlmiş hücumlar göstərir ki, Kreml üçün simvolik paytaxt hədəfi hələ də gündəmdədir. Hökumət binasına zərbə endirilməsi Ukrayna dövlətçiliyinə qarşı açıq mesajdır. Rusiya demək istəyir ki, Moskva yalnız əraziləri deyil, dövlətin siyasi mərkəzini də hədəfə almaq niyyətindədir. Digər tərəfdəndən Kreml bu planları işə salmaqla Ukraynanı daha da zəiflətmək və qorxu yaratmaq istəyir.
Moskva üçün Kiyevə hücumların hərbi nəticəsindən çox onun siyasi-psixoloji təsiri ön plandadır. Rusiya bununla Ukrayna cəmiyyətində qorxu və təşviş yaratmağa, dövlət idarəçiliyini iflic etməyə, Qərbin dəstəyinin faydasız olduğu təəssüratını formalaşdırmağa çalışır. Bu, klassik “şok və qorxu” taktikasını xatırladır və əslində Kreml üçün həm daxili auditoriyaya, həm də beynəlxalq aləmə yönəlmiş mesaj xarakteri daşıyır. Bununla yanaşı, beynəlxalq reaksiyalara meydan oxumaq artıq Rusiya üçün adiləşir. Çünki Moskva beynəlxalq hüququn və humanitar normaların qaydalarını açıq şəkildə və rahatlıqla pozur. Baxmayaraq ki, hökumət binalarının və mülki infrastrukturun hədəf alınması müharibə cinayətləri kateqoriyasına daxildir. Görünür, Moskva BMT Təhlükəsizlik Şurasının iflic vəziyyətindən və Qərbin hərbi müdaxilə etmə imkanlarının məhdudluğundan faydalanaraq beynəlxalq reaksiyaları görməzdən gəlir. Ona görə də Qərbin verdiyi sərt bəyanatlar və sanksiya qərarları indiyədək Rusiyanın strateji kursunu dəyişməyib. Əksinə, Kreml bu reaksiyaları öz təbliğatında “Qərbin düşmənçiliyi” kimi təqdim edərək daxili birliyi möhkəmləndirməyə çalışır.
Ukrayna rəhbərliyi üçün Kiyevin hədəfə alınması həm böyük risk, həm də əlavə həvəsləndirmə mənbəyidir. Prezident Volodimir Zelenski və komandası bu hücumlardan beynəlxalq müttəfiqlərdən daha çox hərbi yardım almaq üçün əsas kimi istifadə edir. Eyni zamanda, Ukrayna ictimaiyyətində “dirəniş ruhu” güclənir. Tarix göstərir ki, paytaxtlara hücum çox vaxt millətin müqavimət iradəsini qırmaq əvəzinə onu daha da gücləndirir.
Əgər Rusiya hücumlarını davam etdirsə Kiyev ciddi dağıntılarla üzləşəcək. Bu isə yüz minlərlə yeni qaçqın axını və Avropada sosial-siyasi gərginlik deməkdir. Çox güman ki, növbəti mərhələdə Ukrayna üçün NATO və Avropa İttifaqının dəstəyi ilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi prioritet olacaq. Çünki Rusiyanın Kiyevə yönələn son hücumları təkcə hərbi taktika deyil, həm də siyasi mesajdır. Lakin bu strategiya Rusiya üçün də ciddi risk mənbəyidir. Bu Moskva üçün beynəlxalq təcridin dərinləşməsi, Ukrayna cəmiyyətinin daha çox birləşməsi və müharibənin daha uzunmüddətli, dağıdıcı mərhələyə keçməsi ilə nəticələnə bilər. Hələ ki, Moskva öz seçimləri ortaya qoyur və bu seçimlər göstərir ki, münaqişə yaxın zamanda bitməyəcək.
MTM Analitik Qrup