Azərbaycan xalqının möhtəşəm sənət abidəsi olan “Kitabi-Dədə Qorqud” eposunun Drezden nüsxəsi İtaliyada “Sondro Teti” nəşriyyatı tərəfindən italyan dilində kitab şəklində çap olunub. Sənət abidəsini tanınmış italyan türkoloqu Federiko De Renzi tərcümə edib. O, eyni zamanda, italyan nəşrinə izahlı giriş sözü yazıb. “Kitabi-Dədə Qorqud”un italyan nəşri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud”: yazılı epos və ya epopeya” adlı geniş “Ön söz”ü ilə ictimaiyyətə çatdırılıb.
Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, müqəddimədə “Kitabi-Dədə Qorqud” eposunun mənşəyi, yaranması, yazıya alınma prosesi, yazılı ədəbiyyat nümunəsi olması, əlyazma nüsxələri və poetikasından geniş bəhs olunur. İtalyan nəşrində verilmiş “Kitabi-Dədə Qorqud” eposu haqqındakı dünya üzrə elmi və bədii əsərlərin siyahısında Azərbaycan qorqudşünaslığına aid əsərlərə də geniş yer ayrılıb. Kitabda, həmçinin Dədə Qorqudun dövrünü və yayılma arealını əks etdirən xəritələr və nadir miniatürlər oxuculara təqdim olunub.