KİŞİNEUDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MOLDOVA PREZİDENTİ MAYA SANDU İLƏ GÖRÜŞÜ OLUB

Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub.
Əvvəlcə birgə foto çəkdirilib.
Prezident Maya Sandu dövlətimizin başçısını Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik edib.
“Avropa siyasi birliyi”nin Zirvə toplantısının Moldovada keçirilməsi ilə bağlı təbriklərini çatdıran Prezident İlham Əliyev belə böyükmiqyaslı tədbirin dost Moldovada təşkil edilməsini müsbət qiymətləndirib.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu qeyd edildi, enerji, investisiyalar və digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə toxunulub, əlaqələrimizin perspektivləri müzakirə olunub.
Söhbət zamanı iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı, bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.
Beynəlxalq təşkilatlarda ölkələrimizin qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib, bu xüsusda Azərbaycanın və Moldovanın bir-birinin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədikləri vurğulanıb.
Maya Sandu “Avropa siyasi birliyi”nin Moldovada keçirilən Zirvə toplantısı çərçivəsində dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanın baş nazirinin, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək beştərəfli görüşünü müsbət addım kimi qiymətləndirib.
Dövlətimizin başçısı Moldova Prezidentini Azərbaycana səfərə dəvət edib.
Dəvət məmnunluqla qəbul olunub.