KİNOFORUMDA İKİNCİ GÜN: “BİZNES. KİNO VƏ DİGƏR AUDİOVİZUAL ƏSƏRLƏRİN MALİYYƏLƏŞMƏSİNİN PRİNSİP VƏ MEXANİZMLƏRİ”

“Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə aprelin 20-də öz işinə başlayan “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum davam edir.
Forumda ölkəmizin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən gəlmiş kino xadimləri də iştirak edirlər.
Aprelin 21-də kinoforumun ikinci gününün ilk paneli keçirilib. Aktyor Azər Aydəmirin moderatorluğu ilə gerçəkləşən panel “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” mövzusuna həsr olunub.
Bu başlıq altında paneldə “Kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələr nəzərə alınmalıdır?”, “Tamaşaçının yerli filmlərə marağının artırılması necə tənzimlənməli?”, “Azərbaycanfilm” kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri” mövzularında müzakirələr aparılıb.
Paneldə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri Əməkdar incəsənət xadimi Hüseyn Mehdiyev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Əməkdar mədəniyyət işçisi Nazim Hüseynov, Bakı Media Mərkəzinin icraçı direktoru, Əməkdar mədəniyyət işçisi Orman Əliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsi Müşahidə şurasının sədri Zaur Darabzadə, “Park Cinema” kinoteatrlar şəbəkəsinin icraçı direktoru Elnur Allahverdiyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov və kinorejissor Emil Quliyev adıçəkilən mövzular üzrə fikirlərini bölüşüblər. Çıxışlar ətrafında müzakirələr aparıldı, təkliflər səsləndirilib.