Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Mərkəzi Bankı, “Azərbaycan Banklar Assosiasiyası”nın birgə təşkilatçılığı və ölkədə fəaliyyət göstərən bankların nümayəndələrinin iştirakı ilə bank kartlarından kibertalamalara dair aktual problemlərin müzakirə edilməsi məqsədilə işçi görüş keçirilib.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşdə çıxış edən DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev kibertalama və kiberdələduzluq hallarının qarşısının alınması üçün bank-maliyyə təşkilatları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini, kibermaarifləndirmə sahəsində aparılan profilaktik tədbirlərin, bu sahədə işlərin daha da gücləndirilməsi üçün birgə səylərin artırılması və qarşılıqlı əlaqənin yüksək səviyyəyə çatdırılmasının əhəmiyyətini qeyd edib.
Mərkəzi Bankın baş direktoru Fərid Osmanov çıxışında bank kartlarının kibertalanmasının vətəndaşların sosial rifahına birbaşa mənfi təsir edən amillərdən olduğunu bildirib. O, bu sahədə problemlərin qısa zamanda aradan qaldırılması üçün beynəlxalq təcrübələrdən istifadə olunmasının səmərəli nəticələr göstərə biləcəyini qeyd edib.
Görüşdə bankların kibertəhlükəsizlik üzrə məsul şəxsləri, departament direktorları və bank-maliyyə sektorunda bu məsələyə nəzarət edən rəhbər şəxslər çıxış edərək kartlardan pul vəsaitlərinin talanmasının qarşının alınması, eləcə də Baş İdarə ilə koordinasiyalı işlərin görülməsi məqsədilə qısa zamanda təkliflərin hazırlanacağı və aidiyyəti üzrə təqdim ediləcəyini vurğulayıblar.
Görüşün yekununda kibertalamalara qarşı mübarizədə birgə fəaliyyətin təşkili, hadisələrə çevik reaksiya verilməsi və qabaqlayıcı işlərin görülməsi üçün DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları və bankların nümayəndələrindən ibarət işçi qrupun yaradılması haqqında qərar qəbul edilib.