Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə arxeoloji qazıntıların birinci mərhələsi uğurla yekunlaşıb.
Qoruqdan bildirilib ki, Keşikçidağ ərazisində aparılan bu tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb edilməsi, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliği ilə əlaqədardır.
qoruq ərazisində aparılan elmi tədqiqat və arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi mədəniyyət nümunələri bu ərazinin qədim sakinlərinin təsərrüfat həyatının, sosial-iqtisadi münasibətlər sisteminin, tayfa məskunlaşmasının və dini dünyagörüşünün bəzi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verib.
Qoruq ərazisində iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Onlardan birincisi Ağstafa rayonunun Ağgöl kəndindən 600 metr şimal-şərq istiqamətində qeydə alınmış kurqanlardır. Bu kurqanın maraqlı cəhəti ondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub. Adətən qoruq ərazisində aparılmış elmi tədqiqatlarda isə böyük qaya daşlarından ibarət kromlexlərə rast gəlinib. Kurqandan 3 ədəd kamera aşkar olunub. Materikdə qazılan qəbir kameralarının üzəri ağaclarla örtürülüb. Çox maraqlıdır ki, qəbirlər hamısı qərb və şərq istiqamətində materikdə qazılıb. Hamısı bir-birinə simmetrikdir, ikisi yan-yana, digər üçüncü isə tam ortada simmetrikdir və adətən belə hallar az olur, bu dövrədə çoxkameralı kurqan daha çoxdur, bəzən fərqli istiqamətlərdə qəbir kameraları olur. Burada simmertiya tamamilə gözlənilib.
İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoy istiqamətində aparılmış arxeoloji qazıntı işləri başa çatdırılıb və maraqlı tapıntılar əldə olunub. Kurqanlar özündə Xocalı-Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur. Maraqlı məqam ondan ibarətdir ki, kurqanın çox kiçik – uzunluğu təxminən 1,5 metr, eni 1 metr olan kamera hissəsi var. Kurqanın örtüyü 12 metr, hündürlüyü 1 metrdən azdır. Kameranı tədqiq edərkən 3 ədəd saxsı küp aşkar olunub. Qəbir kamerası şimal-qərb, cənub-şərq istiqamətində qurulub və bir nəfər dəfn olunub. Skeletin üzü cənub-qərbə doğrudur, sağ böyrü üstə və bükülü vəziyyətdədir. Maraqlı cəhətlərdən biri də odur ki, skeletin ön hissəsində kamera boyunca cavan və kiçik yaşında olan ev heyvanı dəfn olunub. Paleontoloqlar tərəfindən baxıldıqdan sonra bu heyvanın kiçik və ya iribuynuzlu olduğu barədə məlumat verilə bilər. Skeletin arxa hissəsi boyunca kiçikbuynuzlu ev heyvanı dəfn olunub ki, bu da böyük ehtimalla keçi və ya qoyundur. Ancaq çox böyük ehtimalla keçidir. Qəbir kamerasında əlavə 10 santimetr də olsa, boş yer yoxdur. İnsan və heyvan sümüklərinin düzümündən sonra kamerada boş yer qalmayıb. Bu da arxeoloji cəhətdən böyük əhəmiyyət kəsb edir və belə qəbir abidələrinin tədqiqi Xocalı-Gədəbəy mədəniyyətində tayfaların dəfn adətlərini, dünyagörüşünü öyrənmək üçün mühüm rol oynayır.
Bu qiymətli nəticələr elmi dövriyyəyə məqalələrlə daxil ediləcək və mühüm elmi nəticələr əldə olunacaq.
Ərazidə elmi tədqiqat və arxeoloji qazıntı işləri davam etdiriləcək. Yaxın 10 gündə “Keşikçidağda elmi-arxeoloji qazıntılar və yay məktəbi-4” adlı layihəyə start veriləcək. Layihədə Bakı Dövlət Universitetinin, həmçinin universitetin Qazax filialının tələbələri, bölgədə fəaliyyət göstərən qoruqların, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional Bölməsinin abidə mühafizəçiləri, tarix-diyarşünaslıq muzeylərinin, digər muzeylərin, mədəniyyət müəssisələrinin əməkdaşları, rayonun ümumi təhsil müəssisələrinin tarix müəllimləri iştirak edəcək. İştirakçılar çöl arxeoloji ekspedisiyasının təşkili və aparılmasının xüsusiyyətləri, müxtəlif tarixi və arxeoloji məlumatların toplanması və təhlili sahəsində təcrübə qazanacaq, arxeoloji tədqiqat metodlarını mənimsəyəcək və sahə arxeoloji tədqiqatları zamanı alətlərdən və avadanlıqlardan istifadə etmək bacarıqlarına yiyələnəcəklər.