Keniyada mübahisəli vergi artımı haqqında qanun layihəsinin ləğv edilməsinə baxmayaraq, hökumət əleyhinə nümayişlər yenidən başlayıb. Nayrobi polisi aqressiv nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Citizen telekanalının məlumatına görə, ölkənin ən böyük şəhərləri Mombasa və Kisumuda hökumətin istefası tələbi ilə nümayişlər keçirilir.
Keniyada etiraz aksiyaları iyunun 18-də başlayıb, lakin iyunun 25-də yeni vergilərin tətbiqini nəzərdə tutan qanun layihəsinin ləğvini tələb edən etirazçılar parlament və şəhər şurasının binalarını yandırdıqdan sonra vəziyyət gərginləşib. İyunun 26-da prezident Uilyam Ruto mübahisəli qanun layihəsini ləğv edib. Buna baxmayaraq, nümayişçilər ertəsi gün də küçələrə çıxıblar.
Keniya Milli İnsan Haqları Komissiyasının məlumatına görə, iyunun 18-dən indiyədək etiraz aksiyalarının gedişində 39 nəfər ölüb, 350-dən çox insan yaralanıb.