KANADA AZƏRBAYCANLILARI ERMƏNİSTANA SANKSİYALAR TƏTBİQ OLUNMASINI TƏLƏB EDİRLƏR

Kanadada yaşayan Azərbaycan icması Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsi və İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılması kimi vandalizm aktlarını qətiyyətlə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Ottavada “Qarabağ” Azərbaycan dili məktəbi, Kvebek Azərbaycanlıları Assosiasiyası, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti (ALACS), Kanadanın Azərbaycanlı Tələbələr Assosiasiyası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan Ordusunun iki əsgərinin Ermənistana əsir düşməsi səbəblərinə aydınlıq gətirilib. Azərbaycan əsgərinə verilən işgəncədən cəmi bir gün sonra Ermənistanda ölkəmizə qarşı etnik zəmində kök salmış nifrətin təcəssümü olan növbəti vandalizm aktının – Azərbaycan Bayrağının yandırılmasının baş verdiyinə diqqət cəlb edilib.

Qeyd edilib ki, Azərbaycan Bayrağına qarşı yolverilməz davranış Ermənistanın baş nazirinin iştirak etdiyi mötəbər tədbirin yayımı zamanı həmin ölkənin İctimai Televiziyasının əməkdaşı tərəfindən həyata keçirilib və bu nifrət mühiti təhlükəsizlik baxımından Azərbaycan atletlərinin yarışda iştirakını qeyri-mümkün edib.

Ermənistanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası üzrə öhdəliklərini yerinə yetirmədiyini xüsusilə vurğulayan soydaşlarımız müvafiq beynəlxalq təşkilatlardan hər iki zorakılıq faktının araşdırılmasını, lazımi hüquqi qiymət verilməsini, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb ediblər.

Kanada azərbaycanlıları Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıb, beynəlxalq idman ictimaiyyətini etiraz səsini ucaltmağa, idman yarışları üzrə qəbul edilmiş davranış qaydalarının kobud pozuntusu olan bu hərəkəti qəti şəkildə pisləməyə səsləyib.