KAMRAN ƏLİYEV RUSİYANIN BAŞ PROKURORU İLƏ GÖRÜŞÜB

Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnovun ölkəmizə səfəri davam edir.
Baş prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Azərbaycanın Baş Prokurluğunda ikitərəfli görüş keçirilib. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçıları cənab İlham Əliyev və cənab Vladimir Putinin birgə səyləri və siyasi iradələri sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub.
Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror, dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətləri haqda geniş məlumat verib.
Kamran Əliyev Azərbaycan Resspublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük zəfər müharibəsində qazanılmış qələbə ilə bağlı qonağa məlumat verərkən Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması istiqamətində Rusiya dövlətinin sülhməramlı qismində gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd edərək, Rusiyanın Azərbaycan və Ermənistan arasında balanslaşdırıcı mövqedən çıxış etməsinin regionda sülhün əbədi bərqərar olmasına xidmət edəcəyinə əminliyini ifadə etmişdir.
Baş prokuror ötən illər ərzində prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində aparılan mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə qonaqları məlumatlandırmışdır.
Həmçinin, Azərbaycan və Rusiya prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışmışdır. Habelə digər hüquq mühafizə orqanları ilə birgə qarşılıqlı fəaliyyət nəticəsində ölkəmizin MDB məkanında cinayətlərin sayına görə ən müsbət göstəricilərə sahib olduğu diqqətə çatdırılmışdır.
Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirmişdir. İki dost və tərəfdaş dövlətin prokurorluq orqanları arasında uzunmüddətli sıx əlaqələrin olduğunu bildirən qonaq respublikamızın qısa zamanda bir çox sahələrdə mühüm uğurlar əldə etməsinin canlı şahidi olduğunu qeyd edərək, xüsusilə prokurorluq orqanlarının müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri təqdirəlayiq olduğunu vurğulamışdır.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, iki ölkənin hüquq mühafizə, o cümlədən prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, eləcə də cinayət törətmiş şəxslərin ekstradisiyası və sair məsələlər ətrafında müzakirələr aparılmışdır.
Baş prokurorlar əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında” Niyyət bəyanatı imzalamışlar.
Bundan əlavə, İqor Krasnov Kamran Əliyevi bu ilin iyul ayında Sankt-Peterburqda keçiriləcək Avropa Prokurorlarının Məşvərətçi Şurasının iclasında iştirak etməyə dəvət edib.
Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olmuşlar.