Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, “Qarabağ Azərbaycandır” ifadəsini milli was mübarizəmizin rəmzinə çevirən möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı tərəqqisinin təmin olunduğunu diqqətə çatdırmışdır.
Şanlı tariximizin ən parlaq səhifələrindən olan Vətən Müharibəsi Zəfərinin ölkəmizin regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdiyi bildirilməklə Prezident İlham Əliyev bilavasitə rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə reallaşan müxtəlif istiqamətli layihələrin, strateji infrastruktur obyektlərinin açılışının Qarabağ və Şərqi Zəngəzuru yenidən həyata qaytaracaq “Böyük Qayıdış”ın əsasını qoyduğu qeyd edilmişdir.
Müşavirədə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlər zamanı yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanmış, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, Azərbaycan Respublikası Prokurorluğu orqanları da Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olaraq səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə döyüş əməliyyatlarının aparıldığı şəraitdə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə zəruri istintaq hərəkətləri həyata keçirmişlər.
Müşavirədə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının diqqət mərkəzində saxlandığı qeyd edilməklə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi bildirilmişdir.
Əməliyyat müşavirəsində prokurorluğun fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi diqqətə çatdırılmaqla prokurorluq orqanlarının daim Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu qeyd edilmiş, ölkə başçısının sərəncamı ilə yaradılmış yeni hərbi prokurorluqların qısa zamanda fəaliyyətə başlamasının mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir.
Baş prokuror xüsusi vurğulamışdır ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən qanunamüvafiq tədbirlər görülməklə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində zəruri işlərin görülməsi təmin olunmalıdır.