
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı telekanalları, qəzetləri, informasiya agentlikləri və xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Kahramanmaraş şəhərinə səfərini, iki qardaş ölkənin liderlərinin “Azərbaycan” məhəlləsinin açılışında iştirakını geniş işıqlandırıb.
İki ölkə arasında dostluq və qardaşlığın sarsılmaz olduğunu vurğulayan dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin çıxışları bu ölkələrin media orqanlarının diqqət mərkəzində olub.
Materiallarda Türkiyə liderinin 2023-cü ilin fevralında baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın rolu ilə bağlı söylədiyi fikirlər sitat gətirilir, ölkəmizin Kahramanmaraş şəhərinin bərpasına verdiyi töhfədən bəhs edilir.
Sərlövhələrdə digər mühüm fikirlər ilə yanaşı, Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın köməyini unutmayacağıq” sözləri də yer alır.
İki qardaş ölkənin liderlərinin Kahramanmaraşda yaşayan ailələrdən birinə baş çəkməsi ilə bağlı ayrıca materiallar hazırlanıb. Azərbaycan və Türkiyə prezidentlərinin Kahramanmaraşın “Azərbaycan” məhəlləsində yerləşən Heydər Əliyev adına ibtidai məktəblə tanış olması da medianın diqqət mərkəzində olub.