KABİL AEROPORTUNUN FƏALİYYƏTİ RƏSMƏN BƏRPA EDİLİB

Əfqanıstan paytaxtının beynəlxalq aeroportu bazar ertəsi günü daxili və beynəlxalq reyslərə rəsmi surətdə açıq elan edilib.

Bu barədə Khaama Presse agentliyi ölkənin mülki aviasiya idarəsinə istinadla məlumat yayıb.

Kabil aeroportunun uçuş-eniş zolaqları və terminalları hava limanında hökm sürən xaos və avqustun 26-da onun yaxınlığında törədilmiş terror aktı səbəbindən ciddi zədələnmişdi. Aeroportun işinin qaydaya salınmasına Qətər və Türkiyə mütəxəssisləri yardım edib.

Sentyabrın 4-də Kabildən ilk daxili reyslər uçub. Sentyabrın 9-da Kabildən Dohaya ilk beynəlxalq reys həyata keçirilib. Sentyabrın 13-də isə “Taliban” hərəkatının hakimiyyətə gəlişindən sonra Kabil aeroportuna İslamabaddan beynəlxalq kommersiya reysini həyata keçirən ilk təyyarə enib.