KƏŞFİYYAT VƏ ƏKS-KƏŞFİYYAT ƏMƏKDAŞLARININ SOSİAL MÜDAFİƏSİ GÜCLƏNDİRİLİR

Azərbaycanda əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsi gücləndirilir.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna yeni maddənin əlavə olunması təklif olunur.

Həmin maddəyə əsasən, əks-kəşfiyyat fəaliyyətinin subyekti olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə ödənilməsi təmin edilmiş vəsaitin 5 faizi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişdən daxil olan vəsaitin 5 faizi müvafiq icra hakimiyyəti orqanının əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.