“JOURNAL GENERAL DE L’EUROPE”: AZƏRBAYCANLI MƏCBURİ KÖÇKÜNLƏR DOĞMA YURDLARINA QAYITMAĞI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRLƏR

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş jurnalist Sebastyan Bussuanın “Journal General de l’Europe” jurnalı “Dağlıq Qarabağ: Azərbaycanlı məcburi köçkünlər tezliklə 27 il əvvəl zorla qovulduqları doğma yurdlarına qayıtmağı gözləyirlər” sərlövhəli məqaləsi dərc edilib.
Məqalədə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyan müharibədən sonra regionda sülhün bərqərar olmasından, azərbaycanlı məcburi köçkünlərin 27 il əvvəl zorla qovulduqları doğma ata-baba yurdlarına qayıtmaq arzularından, azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində görülən işlərdən bəhs olunur. Bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən doğma evlərindən didərgin salınmış 800 min azərbaycanlı məcburi köçkün səbirsizliklə qayıdış gününü gözləyir.
Jurnalist Dağlıq Qarabağ münaqişənin acı nəticələrindən bəhs edərkən bunun hər şeydən əvvəl faciəli bir insan hekayəsi olduğunu qeyd edir. Bildirir ki, Birinci Qarabağ müharibəsi başladıqdan və Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edib orada yaşayan yerli əhalini öz ata-baba yurdlarından zorla qovduqdan sonra otuz ilə yaxındır həmin ailələr ölkənin bir çox şəhər və rayonlarında müvəqqəti sığınacaqlarda məskunlaşıblar.
Müəllif 2020-ci ilin sentyabrından noyabrına qədər davam edən və Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan öz ərazilərini azad etmək uğrunda haqq savaşı olan 44 günlük Vətən müharibəsi bitdikdən sonra hər bir məcburi köçkün ailəsi kimi 50 yaşlı Rəsul və 40 yaşlı Aygünün də bu qələbə xəbərini böyük sevinc hissi ilə qarşıladıqlarını bildirir. Bu ailənin də yüz minlərlə digər həmvətənləri kimi tezliklə öz doğma rayonları olan Zəngilan və Qubadlıya qayıdıb 30 illik həsrətə son qoyaraq yeni həyat qurmağı xəyal etdiyini vurğulayır.
Müəllif bu məcburi köçkün ailəsinin də digər məcburi köçkünlər kimi azad olunmuş ərazilər bərpa edildikdən sonra öz doğma kəndlərinə və rayonlarına qayıtmağı səbirsizliklə gözlədiyini qeyd edir. Jurnalist təəssüf hissi ilə bildirir ki, Qarabağdakı həmin kənd və rayonların demək olar hamısı dağıdılıb və viran qoyulub. Xüsusilə də 90-cı illərin əvvəlində baş vermiş müharibədən sonra bu ərazilərdə məskunlaşdırılmış ermənilər həmin rayonlardan çıxarkən məqsədli şəkildə evləri dağıdıb və yanğınlar törədiblər. Rəsul və Aygünün də doğulduğu rayonda ermənilər daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi bütün evləri vəhşicəsinə dağıdıblar.
Rəsul jurnalistlə müsahibəsində deyib ki, o, hökumət rəsmi icazə verdikdən sonra öz evini bərpa etmək üçün Zəngilan rayonuna geri qayıdacaq. Müəllif Azərbaycanın erməni vandalizminin qurbanı olmuş həmin yaşayış məntəqələrinin kabuslar şəhərinə çevrildiyini, məscidlərin tövlə kimi istifadə olunduğunu və kitabxanaların talan edildiyini bildirib.